Adil ZAMAN

Üçotaqlı mənzil
Üçpərdəli dördşəkilli dram

İŞTİRAK EDİRLƏR:

Ş a h i n, döyüşçü, 29 yaşında
Z ə r i f ə, onun anası, 47 yaşında
S e v i n c, onun qızı, 22 yaşında
S e v d a, onun rəfiqəsi, 22 yaşında
L a r i s a, tələbə, 21 yaşında
J u r n a l i s t
M ə m u r
Hadisə keçən əsrin 90-cı illərinin birinci yarısında Bakının şəhərətrafı qəsəbələrindən birində baş verir.
……………………………………………………………………………………………………………………………
……………………………………………………………………………………………………………………………
M Ə M U R. Hə, gəldiz… (Ayağa durur).
Ş A H İ N(özünü ələ alıb). Xoş gəlmişsiniz.
M Ə M U R. Sağ olun. (Şahini başdan ayağa süzüb, gülümsəyərək). Tanış olaq. Mənim familiyam Səmədovdur. Sizin Prezidentə göndərdiyiniz təcili teleqramla əlaqədar gəlmişəm ki söhbət edək.
Ş A H İ N(əsəbi). Mən iki həftədir ora gəlib-gedirəm, ancaq sizin cinovniklərdən heç biri mənə məhəl qoymur…
M Ə M U R(təmkinlə). Bəlkə əyləşək?..
Ş A H İ N. Əvvəlcə deyin görək sizin mənə köməyiniz dəyəcək ya yox? O vaxt mənə deyirdilər ki, 27-də Fəridə xanımın qəbulunda olmalıyam.
M Ə M U R. Mənə belə gəlir ki, bizim söhbətimizdən sonra sizin mənim köməyimə ehtiyacınız olmayacaq.
Ş A H İ N. Mənə yalnız bir şey lazımdır: adımı o siyahıdan çıxartmaq. Bunu eləyə bilərsiz ya yox?
M Ə M U R. Sənədlər Prezidentdədir…
Ş A H İ N. Ona görə də həmin teleqramı göndərmişəm ki, məni təcili qəbul eləsin.
M Ə M U R(mümkün qədər sakit). Aparata gündə onlarla o cür teleqram daxil olur. Prezidentin iş saatları isə bir neçə gün qabaqcadan planlaşdırılır. Özü də dəqiqəsinə qədər.
Ş A H İ N(acığından dodağını gəmirərək). Siz necə adamlarsız?! Niyə başa düşmürsüz ki, mənim məsələm təcili həll olunmalıdır?..
M Ə M U R(sakit). Mən sizi çox gözəl başa düşürəm. Siz də çalışın məni başa düşəsiz. Mən Prezidentin yanına ancaq o özü məni çağıranda gedirəm. Sizin sənədləriniz ondadır. Mən onları necə geri ala bilərəm?
Ş A H İ N(səsini qaldırır). Bəs Vasifinkiləri necə aldınız?
M Ə’ M U R. Onda “ÇP” baş vermişdi. Cinayətkara Milli Qəhrəman adı vermək olmazdı ki!..
Ş A H İ N. Mən onun hərəkətində heç bir cinayət hadisəsi görmürəm!
Z ə r i f ə əlindəki məcməyidə iki stəkan çayla daxil olur, çayları jurnal stolunun üstünə qoyub, kənarda dayanır.
M Ə M U R(Z ə r i f ə y ə). Sağ olun. (Ş a h i n ə). Siz sabahın hüquqşünasısınız. Bilirsiniz ki, biz hüquqi dövlət qururuq. Hüquqi dövlətdə isə şəxsiyyətin cinayətkar olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirir. Məhkum Vasif İsazədə haqqında Prezident aparatına məhkəmədən məktub daxil olub. Biz də onun əsasında hərəkət etmişik.
Ş A H İ N. Məsələnin mahiyyətindən xəbərdar olmaya-olmaya, eləmi?
M Ə M U R. Biz məhkəmənin səlahiyyətlərinə müdaxilə etmirik.
Ş A H İ N(acı kinayə ilə). Əgər mən sizi düz başa düşdümsə, təqdimatı geri almaq üçün hökmən cinayət etməliyəm. Özü də təcili!
Z Ə R İ F Ə(qorxmuş). Şahin!..
M Ə M U R(ciddi). Söhbət sizdən getmir, yoldaş Cəlilli. Unutmayın ki, hər adamın adı prezidentin çıxışına düşmür.
Ş A H İ N(demək olar ki qışqırır). Axı siz məndən nə istəyirsiz?!.
Z Ə R İ F Ə(Ş a h i n i n qolundan tutur). Sakit ol… Özünü ələ al… (Məzəmmətlə). Yekə oğlansan!.. Ayıbdır axı… (M ə m u r a). Xəlil müəllim, siz allah fikir verməyin… Əyləşin, bir stəkan çay için.
M Ə M U R(Z ə r i f ə y ə, təmkinlə). Sağ olun, indi içəcəyəm. (Ş a h i n ə). Biz sizə layiq olduğunuz qiyməti vermək istəyirik. Prezident tamamilə haqlı olaraq demişdir ki, siz…
Ş A H İ N(qəzəblə onun sözünü kəsir). Əgər mənə ürəyiniz yanırdısa, niyə arzumu ürəyimdə qoyurdunuz?! Onda biz Çıldranı almış, Drmbon yüksəkliyini ələ keçirmişdik. Xankəndini götürməyə hər cür imkanımız vardı. Həlledici hücumlara hazırlaşırdıq. Gözlənilmədən tələb elədilər ki, geri qayıdaq. Müdafiə naziri özü Goranboya gəlmişdi. Biz, əlbəttə ki, bu mənasız əmrə tabe olmadıq. Axı həmin yüksəklik uğrunda döyüşlərdə şir kimi dörd əsgərimizi qurban vermişdik. Nəticəsi nə oldu?.. Öz təyyarələrimiz başımıza bomba tökdü, öz vertolyotumuz, topumuz bizi atəşə tutdu. Hücum planı pozuldu, o boyda üstünlüyü əldən verdik, neçə-neçə əsgərimiz yaralandı, öldü, mən isə kontuziya oldum. Özümə gələndə gördüm ki… (Hirsindən ağlamaq dərəcəsinə gəlir). Axı mən əsir kimi yox, qalib kimi girəcəkdim o şeytan yuvasına…
M Ə M U R(sakit). O vaxt ölkəni başqa adamlar idarə eləyirdi…
Ş A H İ N(onun sözünü kəsərək). Yenə elə həmin siyasətdir. Onda da deyirdilər ki, guya bizim hücumlarımız sülh danışıqlarını pozub, indi də məsələni dinc yolla həll etmək istəyirsiniz. Birdəfəlik bilmək lazımdır ki, istənilən müharibənin sülh şərtləri əsgər süngüsü ilə yazılır.
M Ə M U R(Ş a h i n ə). Siz məndən yaxşı bilirsiniz ki, döyüşlərdə hər gün nə qədər adam həlak olurdu. Hörmətli prezidentimizin səmərəli fəaliyyəti nəticəsində atəşkəsə nail olandan sonra neçə aydır cəbhədə sakitlikdir.
Ş A H İ N. Əlbəttə, (kinayə ilə) böyük nailiyyətdir. Amma nədənsə bu neçə ayda erməni bircə addım da olsa geri çəkilməyib. Sabah axı sizdən soruşacaqlar ki, bəs o (xüsusi vurğu ilə) nailiyyət bizə nə verdi. Buna görə də camaatda qələbə ilğımı yaratmaq üçün vaxtaşırı müxtəlif fəxri adlar, orden-medallar verirsiz…
Məmur nə isə demək istəyir, ancaq Ş a h i n sözünə davam edir.
Deyirsiniz mən belə vuruşmuşam, nə bilim, özümü belə aparmışam… Onda icazə verin soruşum sizdən, cənab Səmədov. Bəs mənim ləyaqətlə aldığım Ağdərəni, ətrafdakı kəndləri, yüksəklikləri siz niyə ləyaqətlə müdafiə etmədiniz?.. Ağdərədə köhnə raykomun binasına mən iki Azərbaycan bayrağı sancmışdım. İndi kim oturub o binada?!.. Mən hələ Qarabağdan kənardakı (xüsusi vurğulayaraq) artıq sizin vaxtınızda itirilmiş, əslində isə düşmənə hədiyyə edilmiş o beş rayonu demirəm. İndi nəyimə yaraşır mənim Milli Qəhrəman adı?!.. (Əsəbi gəzişir).
M ə m u r heç nə deməyərək, fikirli-fikirli gedib kresloda oturub çay içir, Z ə r i f ə divanda əyləşib, qayğılı-qayğılı Ş a h i n ə baxır.
M Ə M U R(stəkanı jurnal stolunun üstünə qoyub, kənara). Elə bil heç zəmanə adamı deyillər… (Gah Ş a h i n ə, gah da Z ə r I f ə y ə baxır).
Səhnə yavaş-yavaş qaranlıqlaşır.

Pyesi tam şəkildə aşağıdakı link vasitəsilə pdf formatında oxuya və endirə bilərsiniz:


Bu hissəyə baxış məhdudlaşdırılıb. Gizlədilmiş mətni görmək üçün lütfən qeydiyyatdan keçib, öz login və parolunuzla sayta daxil olun. Please Login or Register for access.

27 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir