Yazıçının uğuru

˝Relslər üzərinə uzanmış adam˝ romanı ABŞ-da mükafata layiq görülüb

Bu barədə Rövşən Abdullaoğlu özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Dostlar, çoxdan gözlədiyimiz bir xəbəri bu gün aldıq, nəhayət. İndiyədək qazandığımız bütün uğurların fövqündə olan bir nailiyyətdir. Bütün çağdaş Azərbaycan ədəbiyyatı adına gözəl bir hadisədir. Amerikanın nüfuzlu “Readers Favorite” beynəlxalq kitab müsabiqəsindən cavab gəldi: ˝Relslər üzərinə uzanmış adam˝ romanı birinci yerə çıxaraq qızıl medalla təltif olunub!!! Çox möhtəşəm və sevindirici xəbərdir.
Bu müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD) beynəlxalq yarışmadır.

Nəticələr Amerikanın nəhəng nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 250 000 abunəçiyə çatdırır. Məlumat həmçinin yeniliklərə abunə olmuş 35 000 jurnalistə (buraya “Assosiated Press”, 3 milyon tirajla buraxılan “US Today” kimi aparıcı mətbuat orqanları da daxildir), Yahoo, Google kimi axtarış saytlarına, Facebook və Twitter sosial şəbəkələrinə də göndərilir. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

“Readers Favorite”in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Məlumat üçün deyim ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir!

Medalla təltif olunma mərasimi bu il pandemiyaya görə 2021-ci ilin sentyabrına qədər təxirə salındı. Gələn il Mayamiyə təltif olunma mərasiminə dəvət almışam. Məni dəstəkləyən, uğurlarımıza sevinən bütün dostlara təşəkkürümü bildirirəm. Bu yarışda qalib olmuş ilk azərbaycanlı yazıçı olmaq böyük şərəfdir. Vətənimin adını duyurmaqdan həqiqətən böyük qürur duyuram”.

Bu da qalibiyyət sertifikatı:Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu in­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyil.
Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­milə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Son­­da o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim…
Bu annotasiyanı oxuyan elə biləcəkdir ki, əsərin qəhrəmanı relsler üzə­rinə uzanan bu şəxs və o yad insandır. Ancaq onlar hər ikisi əsas hadi­sə­lə­rin başlanması üçün bir müqəddimədirlər. Ən dəhşətlisi isə budur ki, onlar baş ve­rən bü­tün müsibətlərin eyni zamanda da ən böyük qurbanlarıdırlar.

Roman ilk dəfə 2017-ci ildə Bakıda, Qədim Qala nəşriyyatında Azərbaycan dilində 400 səhifədə, 60×84 ölçüsündə çap edilib. 2019-cu ilə qədər kitab 5 dəfə təkrar nəşr edilib.
Əsər 2018-ci ildə “The Man On The Rails” adı ilə ingilis dilinə tərcümə edilib və elektron versiyası Amazon.com satış platrformasına yerləşdirilib.

2020-ci ilin iyununda Amerikanın dünyaca məşhur ədəbi tənqid jurnallarından biri olan “Kirkus Book Reviews”da yazıçı “Relslər üzərinə uzanmış adam” romanı ilə bağlı resenziya dərc edilib. Jurnal kitab haqqında heç bir irad bildirmədən, ancaq yüksək fikirlər bildirib: “Azərbaycanlı yazıçı Abdullaoğlu Balkan müharibəsinin ən ağır məqamlarından bəzilərini dəqiqliklə qabardaraq ağır məşəqqətlər yaşanmış bu yerin ən qaranlıq zamanlarındakı çətinlikləri və nüansları məharətlə təsvir etməklə təqdirəlayiq bir iş ortaya qoyur. Əsərin süjeti inandırıcıdır, fəlsəfi baxımdan da mövzu aktual və həyati önəmli mesaj daşıyır. Bu romanda çox hadisələr baş verir, bütün əhvalatlar bir-birinə calanaraq çənbəri tamamlasa da, təhkiyənin əsas hissəsini Faruqun hekayəsi təşkil edir. Bəzi səhnələrdə nəsihətedici notlar hiss olunur, lakin sevginin ən çətin sınaqlar qarşısında məğlubedilməzliyi mövzusu həqiqidir. Bir sözlə, müharibənin dağıdıcı qüvvəsi və sevgiyə olan ehtiyac haqqında sürükləyici, düşündürən hekayə”.
Həmin ilin iyulunda isə Nyu Yorkda fəaliyyət göstərən, dünyanın ən böyük ədəbi tənqid qurumlarından biri olan “Kirkus” şirkəti resenziya verdikləri dörd yüzə yaxın müstəqil nəşrin arasından seçim edib və “Relslər üzərinə uzanmış adam” romanının ingiliscəsi ilk 35-liyə daxil edilib. Bu seçimi jurnalın müstəqil nəşrlərlə məşğul olan redaktorları ediblər. Bəyəndikləri bu kitablar haqqında məlumat jurnallarının xüsusi buraxılışında dərc edilib. Beləliklə, “Kirkus Reviews” ədəbi tənqid jurnalının 1 iyul 2020 tarixli, 13-cü sayında, “Müstəqil nəşrlər” (İndie) bölməsinin ilk səhifəsində (166) ˝Relslər üzərinə uzanmış adam˝ kitabı haqqında müsbət bir rəy dərc edilib və jurnalın minlərlə abunəçisinə tövsiyə olunur.

42 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir