Adil ZAMAN

Kadr siyasəti
(Felyeton)

Respublikada insan haqları ilə məşğul olan müxtəlif qurumlara müxalifət nümayəndələrinin başçılıq etməsindən narazı qalan respublika prezidenti özünün yanında elmi tədqiqat İnsanşünaslıq institutu yaratmağı qərara alır və aparatın başçısından direktor vəzifəsinə namizəd verməsini tələb edir. O isə fikirləşmədən: “Ən layiqli namizəd Adı İnsanovdur”, – deyir və ani sükutdan sonra əlavə edir:
– Düzdür, vəzifəyə görə akademik, uzağı член-корр olmalıdır. Adı müəllim isə всего-навсего kandidat naukdur. Amma etibarlı adamdır; valideynləri də, arvadı da bizim bölgədəndir, özünün də sizin yeznəyə qohumluğu çatır…
– Bu öz yerində, – Prezident ciddi görkəm alaraq, aparat rəhbərinin sözünü kəsir. – Amma özün bilirsən ki, bu o biri institutlardan deyil. Gərək elə adamı qoyaq ki, onun cəmiyyətdəki imici də vəzifəsinə az-çox uyğun olsun. Yoxsa sabah müxalifət böyük sicilləmələr yazıb, göndərəcək beynəlxalq təşkilatlara.
– Narahat olmayın, möhtərəm prezident. Bu dəfə özümüzü sığortalaya biləcəyik. Adı İnsanov yoldaşda bir sıra gözəl insani keyfiyyətlər var. İcazə verirsinizsə, bir-ikisini sayım.
– Buna heç icazə lazım deyil ki? De görüm!…
– Əvvəla, Adı müəllim doğruculdur. Bu yaxınlarda vəzifəyə getmiş bir nəfər mənim tapşırığımla ona 400 min vermişdi. Çağıtdırıb, nə qədər aldığını soruşdum. Qəpiyinə qədər dedi və hamısını gətirib verdi. İkincisi, mərddir, qorxmazdır – özündən gücsüzləri heç vaxt arxadan vurmur; üz-üzə, göz-gözə dalaşır onlarla. Üçüncüsü, sözü üzə deyəndir – dəfələrlə mənim istedadlı, bacarıqlı və nəinki bölgəmizdə, hətta ətraf regionlarda da tanınan bir rəhbər olduğumu düz gözlərimin içinə deyib. Sonra…
– Kifayətdir. – Prezident söhbətin bitdiyini bildirir. – Get, sərəncam hazırla, elə bu axşam qol çəkərəm, qoy sabahdan işə başlasın…
Yaxşı ki, bu “…” varmış. Varam belə bir durğu işarəsinə. İstədiyi yerdə adama nəfəsini dərməyə imkan verir. Mən də fürsətdən istifadə edib, yazdıqlarımı əvvəldən axıra kimi diqqətlə oxuyandan sonra öz-özümə dedim: “Ey dili-qafil, hərgah sən bu dialoqu dərc etdirsən, müxalifətçilər bütün umu-küsülərini unudub, vahid cəbhədə birləşərək, bir ağızdan deyəcəklər: «Söhbət Azərbaycandan gedir». Amma mənim fikrimcə, nəinki bu cümlələri yazmaq, demək, hətta bu barədə düşünmək belə dünya şöhrətli möhtərəm prezidentimiz H.Əliyevə qarşı, yumşaq desək, ədalətsizlikdir. Çünki H.Əliyevin kadr siyasəti yuxarıda təsvir olunandan tamamilə fərqlənir. Buna istənilən qədər misal da göstərmək olar. Götürək elə Gömrük Komitəsinin sabiq sədri Tahir Əliyevi. Kim ona rüşvətxor deyə bilər? Eşitdinizmi, kişi prezidentin iştirakı ilə keçirilən bir müşavirədə apaydın dedi ki, gömrük məntəqələrində yığılan pulların arasında rüsum da var? Daha bundan artıq nə istəyirsiniz? H.Əliyevin vəzifəyə qoyub-götürdüyü belə «təmiz» kadrlar yüzlərlədir. Onlardan biri də, məsələn, Gülabbas Qəhrəmanov idi. Çox da ki, qaçqınların 5-10 manat pulunu yemişdi. Elə atalar özləri deyib ki, “yeməyənin malını yeyərlər”. Yazığın bəxti onda gətirmədi ki, 91-lərdən birini ona müavin qoymuşdular. Bunu anlayana qədər isə evin sirri çölə çıxdı. Gecə-gündüz o qədər qaçqın-köçkün dərdi çəkən bir adam heç nədən güdaza getdi. Özünün təqsiri ucbatından. Buna Prezident neyləsin?
Çox başağrısı olmasın deyə lap təzə bir misalla fikrimi yekunlaşdırmaq istəyirəm. Kimin vicdanı yol verər ki, Fikrət Yusifova qorxaq desin?! Maliyyə bossu, yuxarıda aparatın başçısının dediyi kimi, özündən gücsüzlərlə yox, baş nazirin müavinləri ilə, lap elə A.Rəsizadənin özü ilə kəllə-kəlləyə gəlir, Prezidentin o boyda sərəncamlarına məhəl qoymayaraq, manat-manat yığılan büdcə vəsaitindən heç kimə artıq bir qəpik də vermir, fürsətdən istifadə edib xalqın pulunu sağa-sola səpələmək istəyənlərə isə öz idarələrində kifayət qədər dövlət vəsaitinin olduğunu anladır. Bəs kim irəli çəkib aylarla maaş, pensiya almayan, günlərlə çörək pulu tapa bilməyən bədbəxt millətin halına ürəkdən acıyan, hüquqlarını müdafiə edən belə qənaətcil bir naziri? Əlbəttə, uzaqgörən siyasət generalı Heydər Əliyev!
Amma bəzi ağzıgöyçəklər belə nadir dövlət xadiminin daxili (elə lap xarici də!) siyasəti ilə fəxr etmək əvəzinə ona qara yaxmağa çalışırlar. Ən çox da bu günlərdə layiq görüldüyü Atatürk mükafatına görə H.Əliyev cənablarına paxıllıq edirlər. Guya ki o, sülh üçün heç nə etməyib. Bəs o boyda atəşkəs?!
Hansı siyasətçi cəmi-cümlətanı altı rayonu təslim edəndən sonra öz hakimiyyətinin ömrünü illərlə uzada bilərdi? Yalnız Heydər Əliyev dühası! Hələ onun vəzifəyə qoyduğu Nizami Xudiyev bundan da uzağa gedərək, hər gün AzTV-də göstərdiyi respondentlərin dili ilə Prezidentə Nobel mükafatı verilməsini də arzulayır. İndi bir özünüz düşünün – H.Əliyev və Nobel mükafatı! Belə bir möhtəşəm ideya məgər Ə.Elçibəyin yaxud İ.Qəmbərin təyin elədiyi rəhbər işçinin ağlına gələrdimi? Bax, budur H.Əliyevin kadr siyasətinin təntənəsi! Müxalifət isə gör kimi kimlə müqayisə etmək istəyirdi…
Bakı,
25-26 aprel, 1999.

 

 

 

 

13 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir