Adil ZAMAN

İslahat
(Felyeton)

Təhsil naziri İslahat İslahatzadə mühüm iclasa tələsirdi. Buna görə də mətbəxə tərəf boylanıb:
– Ay arvad, kofe hazır olmadımı? – deyə cəbrsizliklə soruşdu.
Evin xanımı buğlanan kofeni mizin üstünə qoyub:
– Əvvəllər sən məni belə çağırmırdın, – deyə özünü incimiş kimi göstərdi. – Yoxsa yadından çıxıb?
– Əlbəttə, yox. – Nazir kofedən içə-içə xanımına baxdı və fərqinə varmadan:
– Sən indi də o vaxtkı kimi mənim nərgizimsən, bənövşəmsən, – deyə gülümsədi.
Şəhla xanımın rəngi dəyişdi, sözləri metal kimi cingildədi:
– Deyəsən, yaddaşın sənə xəyanət etməyə başlayıb?! – De görüm, Nərgiz, Bənövşə kimdir? Günü bu gün ikisini də işdən azad eləyərsən! Evdə də fikrin onların yanındadır.
İ.İslahatzadə bir an duruxub:
– Sən nə danışırsan, ay arvad, – dedi. – Görmürsən gecə-gündüz islahatlarla məşğulam. Nazir olan gündən Təhsil qanununu öz adımla bağlamağa çalışıram. Sənin düşündüklərin mənim heç ağlıma da gəlmir…
– Bir qanunu neçə dəfə qəbul eləyərlər? Sənin özünün qohumlarından dörd-beşi müəllimdir. Hamısı da Elçibəydən çox razı idi; nə qədər güzəştlər vermişdi onlara. İndi isə hərəsi bir yerdə alver eləyir. Nə öyrədən var, nə də öyrənən.
– Ona görə də təzə qanunda nəzərdə tutmuşuq ki, məktəblərdə rəngli atestatlar tətbiq olunsun, pis oxuyanlara isə arayış verilsin…
– Mətləbdən uzaqlaşma. Nazir olana qədər Nərgizdən, Bənövşədən danışmırdın. De görək, onları nə vaxt tapmısan ki, məni necə çağırdığını da unutmusan?
– Arvad, vallah-billah, heç başımı da qaşımağa vaxtım yoxdur. Bu rəngli atestatların hazırlanması böyük bir problemə çevrilib. Xüsusilə də göyləri. Ağ kağızda hazırlayıb göstərirlər, istədiyim rəng alınır, sarımtıl kağız verirəm, nə cür çap eləyirlərsə, dönüb olur çernil rəngi. Bu boyda Bakıda bir babat mətbəə tapa bilmirəm. Hərdən elə dilxor oluram ki, öz adım da yadımdan çıxır…
– Amma Nərgizlə Bənövşə…
– … Keçən ay Prezidentin yanında Təhsil qanununu müzakirə edirdik. – Nazir özünü eşitməzliyə vurub, sözünə davam etdi. – Birdən soruşdu ki, «Cəbhə» bu qanunu nə vaxt qəbul eləyib. Gözümü döyə-döyə qaldım. Lap o məktəblərimizdəki arayış alacaq uşaqlar kimi. Ona da deyən gərək ki, ay sağ olmuş, öz qanunumuzu yazmışıq da, nəyinə gərəkdir müxalifətin cızma-qarası…
– Belə şeylərlə başımı aldada bilməzsən! – Şəhla xanım təslim olmadı. – Sən həmin qanunu oxumusan ki, nə vaxt yazıldığını da biləsən? Buna görə yaddaşını-zadı bəhanə gətirmə. Sizin hamınız beləsiniz. Vəzifəyə keçən kimi katibədən başlayırsınız.
– Sakit ol, – deyə nazir yorğun-yorğun ayağa qalxdı. – Hər şey yaxşı olacaq. Qoy bircə bu islahatları qurtarım…
Bu söhbət, tamamilə mümkündür ki, bir qədər başqa cür olub. Amma mənə belə danışıblar. Mən də eşitdiklərimi olduğu kimi qələmə almışam. Lakin bununla belə bəri başdan qeyd etməi lazım bilirəm ki, mən hazırkı Təhsil naziri M.Mərdanovu plagiatlıqda günahlandırmaq fikrindən çox uzağam. Axı o da məmləkətimizin şagirdlərinin bilik səviyyəsinin son vaxtlar get-gedə aşağı düşdüyünü görüb, 11-ci sinfi qurtaranların bir hissəsinə atestat verməməyi qərara alıb. Və ola bilsin ki, bu ideya İ.İslahatzadəyə yox, məhz ona məxsusdur. Əgər patent-zad məsələsi ortaya çıxarsa, güman edirəm ki, müəlliflik hüquqları ilə məşğul olan təşkilatlar bu problemi asanlıqla yoluna qoyacaqlar. Məni isə narahat edən odur ki, müxalifət Misir müəllimin bu orijinal təşəbbüsünə qısqanclıqla yanaşaraq, övladları arayış almağa namizəd olan valideynləri məcbur edir ki, var-yoxlarını satıb, göy də olsa, atestat alsınlar. Bu işdə ən çox canfəşanlıq göstərən isə ADP-dir. Hətta söz-söhbət gəzir ki, bu partiyanın həmsədri okeanın o tayından xəbər göndərib ki, imkanı və satmağa bir şeyi olmayanların kiçikyaşlı uşaqlarını Amerikanın nüfuzlu klinikaları həm pərakəndə, həm də topdansatış yolu ilə almağa hazırdırlar. Özü də o qədər pul verəcəklər ki, nəinki göy, hətta qırmızı atestat da almaq mümkün olacaq və hələ bir az da cibxərcliyi qalacaq.
Düzdür, əvvəlcə bir çox valideynlər şok vəziyyətinə düşüblər. Bunu iqtidarın növbəti təxribatı hesab edənlər də tapılıb. Fəqət, deyilənə görə, eks-spikerin Bakıdakı nümayəndəsi həmsədrlərinin həmvətənlərinə təmənnasız kömək etmək niyyətini(«mal»ların Amerikaya aparılması xərclərini R.Quliyev öz öhdəsinə götürüb) təsdiqləyəndən sonra bəzi ata-analar belə əlverişli fürsəti fövtə verməməyi qərara alıblar. Ən çox da oğlu olanlar. Xüsusilə də əgər bu uşaq ailənin yeganə övladıdırsa. Axı bu ildən onları da əsgərliyə aparacaqlar. Buna görə də tək övladlı valideynlər eks-spikerin bu səmərəli təklifindən yararlanmaq üçün yaxın qohumları ilə danışıqlara başlayıblar. Eyni zamanda ADP-yə axın başlayıb. Müxalifət istədiyinə nail olur. Məqsəd isə həm əhalini bir az da kasıblaşdırıb(indidən deyirlər ki, atestatlar kifayət qədər baha olacaq), hökumətdən daha da narazı salmaq, həm də heç bir nəfərin də olsa arayış almasına yol verməməkdir ki, yayda qəzetlərin birinci səhifələrində iri göy-qırmızı hərflərlə yaza bilsinlər: «İqtidar adi bir islahatı da aparmağa qadir deyil».
03-04 aprel 1999.

(20-22 aprel 1999-cu il tarixli «Cümhuriyyət» qəzetində dərc olunmuşdur)

33 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir