Adil ZAMAN

Hərc-mərclik

(Felyeton)

Gələn ildən ilk nömrəsinin buraxılması qərara alınan və uzun mübahisələrdən sonra yuxarı başda oturmuş kök qadının təklifi ilə “XYZ” adlandırılan riyaziyyat jurnalına baş redaktor təyin edilərkən təkliflərin sayı çox oldu.
Əhmədzadə dedi:
– Əbil Kərimli necədir? Kibernetika institutunda şöbə müdiridir. Elmlər namizədidir, dosentdir.
Məmmədzadə etiraz elədi:
– Yox, Kamranzadə yaxşıdır. Universitetdə kafedra müdiridir. Özü də professordur…
Amma Bilik Milikli təccübləndi:
– Yoldaşlar, bu nədir, bu nə müzakirədir? Heç gözləməzdim sizdən. Bu vəzifənin sahibi çoxdan hazırdır. Təvazökarlıqla gözləyirdi ki, görək belə bir jurnal yaratmaq nə vaxt yadımıza düşəcək ki, kişi gəlib redaktorluğunu eləsin.
– O kimdir elə? – kimsə maraqlandı.
– Necə yəni kimdir? Əlbəttə, hamımızın yaxşı tanıdığı Mamed Qasımoviç.
– Kibernetika institutunun zavxozumu? – Əhmədzadə də təccübləndi.
– Əlbəttə! Ayrı kim ola bilər ki!
– A balam, zavxoz hara, riyaziyyat hara?
– Gərək ki, – kimsə onun sözünə qüvvət verdi, – o nə vaxtsa pedaqoji institutun coğrafiya fakültəsini qurtarıb.
– Lap yaxşı. – Milikli kök qadına baxıb, oturanları bir-bir gözdən keçirdi. – Bildiyiniz kimi, coğrafiya fakültəsinə riyaziyyatdan qəbul imtahanı verirlər. Həmin fakültədə riyaziyyatdan bir neçə semestr imtahanı da var. Bu belə. Sonra. Nəzərə alın ki, Mamed Qasımoviç beş ildən çoxdur ki, Kibernetika institutunda işləyir. Məncə, kibernetika ilə riyaziyyatın başqa-başqa olduğunu isə heç biriniz iddia etməzsiniz.
– Əşi zavxozdan da redaktor olar?
Kök qadın yerində qurcalandı. Milikli ehtiyat saxladığı son vasitəyə əl atdı.
– Yoldaşlar, unutmayın ki, Qasım Cəfəroviç respublikanın birinci riyaziyyatçısı olub. Lenin mükafatı alıb. Sosialist Əməyi Qəhrəmanı idi. Uzun illər riyaziyyat institutuna başçılıq eləyib, akademiyanın vitse-prezidenti seçilib.
Yerbəyerdən təsdiq elədilər:
– Tamamilə doğrudur.
– Düzdür.
– Kişi böyük alim idi…
Çox gözəl. – Bilik Milikli sözünə davam etdi. – Bəs Mamed Qasımoviç kimdir? Soruşuram sizdən, kimdir Mamed Qasımoviç?
Heç kimdən səs çıxmadı. Milikli özü cavab verdi:
– Mamed Qasımoviç respublikamızın ən böyük riyaziyyatçısının oğludur. Buna görə də belə bir jurnala redaktgorluq eləməyə mənəvi haqqı vardır. Bu da belə. Siz isə, yoldaşlar, nahaq yerə özünüzü yormayın. Nə qədər axtarsanız da, Qasım Cəfəroviçdən böyük riyaziyyatçı tapa bilməyəcəksiniz. Heç vaxt, yoldaşlar, heç vaxt!
Kök qadının təklifi ilə Məmməd Qasım oğlu “XYZ” jurnalına baş redaktor təyin edildi.
***
“XYZ” jurnalının ilk nömrəsi fizika-riyaziyyat elmləri doktoru, professor Bilik Miliklinin jurnalın üçdə birindən çoxunu tutan və redaksiya tərəfindən görkəmli elmi kəşf kimi qiymətləndirilən “Kim deyir ki riyaziyyat dəqiq elmdir?” məqaləsi ilə açılır. Həmin məqalədən bir parçanı olduğu kimi bura köçürürük: “Düzdür, riyaziyyatın qeyri-dəqiq bir elm olduğunu mən artıq sübut etmişəm. Lakin bəzi ibtidai sinif müəllimləri tez-tez ifrata varırlar. Məsələn, bu yaxınlarda birinci sinifdə oxuyan bacoğlumdan soruşdum: “5 dəfə 5-in neçə eləyər, a bala?” Cavab verdi ki: “30”. Oğluma isə öyrədiblər ki, 5 dəfə 5-in 29 eləyir.
Görürsünüzmü, hörmətli oxucular, ibtidai məktəblərdə çox dözülməz bir vəziyyət – hərc-mərclik yaranmışdır. Ona görə də aşağı sinif müəllimlərinə məsləhətim budur ki, vurma cədvəlini öyrədəndə mənim elmi dəlillərimdən düzgün faydalanıb, ifrata varmasınlar. Axı mən isbat eləmişəm ki, 5 dəfə 5-in 30 və ya 29 yox, maksimum 26 eləyir”.
Bakı,
5 mart 1971.

14 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir