«Gülyaz nənənin nağılları» silsiləsindən

Adil ZAMAN

Bəhram və Bəhmən

Şəhla, adəti üzrə, yatmazdan qabaq təmiz havada bir qədər gəzib, evə qayıtdı. Saat doqquzun yarısı idi. Əl-üzünü yuyub, yataq otağına keçdi. Yerini açıb, yatmağa hazırlaşdı. Elə bu vaxt qapı açıldı və Gülyaz nənə otağa daxil oldu. Qız:
– Nənəcan, bəlkə bir nağıl danışasan, a, – deyə xahiş etdi.
– Danlşaram, qızım, bir yox, lap iki nağıl danışaram. Ancaq əvvəlcə de görüm sabahkı dərslərini hazırlamısanmı?
– Əlbəttə, – Şəhla tez dilləndi. – Misallarımı da eləmişəm, şeiri də əzbərləmişəm.
Qızın üz-gözündən sevinc yağırdı; axı indi nənəsi ona yeni bir nağıl danışacaq, Şəhla da həmişəki kimi koppuş əllərini üzünə söykəyib, cınqırını çıxarmadan nənəsinin hər bir sözünü yadda saxlamağa çalşacaq, xəyalı isə o sehrli aləmlərdə gəzib-dolaşacaqdı…
Gülyaz nənə yaxınlaşıb, nəvəsinin başını tumarladı, üz-gözündən öpüb, şirin ləhcə ilə ahəstə-ahəstə sözə başladı:
– Mənim ağıllı, mehriban qızım, Şəhla balam, belə nağıl eləyirlər ki, hələ ay ilə günəşin yer üzündə qoşa dolandıqları vaxt bir padşahın məmləkətində Bəhram və Bəhmən adlı iki nəfər vardı. Bəhramın dədə-baba sənəti bağbanlıq idi. Onun yetişdirdiyi iri, dadlı meyvələrin sorağı çox-çox uzaqlardan gəlirdi. Bəhmən isə əkinçi nəslindəndi. Dədəsindən ona kiçik torpaq sahəsi, bir öküz və bir də xış miras qalmışdı. Lakin Bəhramın şöhrətinin gündən-günə artdığını görüb, öküzü və xışı sataraq o da bağbanlıq eləməyə başlamışdı.
Bir gün qonşu padşahın elçisi gəlib, bu padşahın elçı daşının üstündə oturur. Bunu padşaha xəbər verirlər. O da adam göndərib, elçinin nə istədiyi ilə maraqlanır. Elçi padşahın özünü görmək istədiyini bildirir. Padşahın icazəsindən sonra onu içəri aparırlar. O padşahın hüzurunda baş əyib, əlindəki məktubu ona verir. Belə məlum olur ki, qonşu padşah bu padşahdan yeddi ilin bac-xəracını istəyir. Məktubun sonunda isə yazır: «Ya tələbimizə əməl edin, ya da məmləkətinizi yerlə yeksan edəcəyik…»
Elçini qonaq otağına aparırlar. Padşah vəzir-vüzarəni başına toplayır. Bir xeyli məsləhət-məşvərətdən sonra axırda qoşun başçısı deyir:
– Padşah sağ olsun, tutaq ki, onların istədiklərini verdik. Bəlkə birdən sabah da bu biri qonşumuz bizim üstümüzə qoşun çəkdi. Onda gərək xəzinənin ağzını açıb, ona-buna paylayaq.
Görürlər ki, yox, deyəsən, bu, ağıllı söz danışır. Padşah soruşur:
– Yaxşı, bəs sənin fikrin nədir?
Qoşun başçısı ayağa qalxıb, baş əyir:
– Padşah sağ olsun, icazənizlə nəzərinizə çatdırım ki, başqalarına güzəştə getməklə biz öz azadlığımızı, müstəqilliyimizi uzun müddət qoruyub saxlaya bilmərik. Müstəqil də ki olmadın, deməli, öz məmləkətinin ağası sən deyilsən — kimlərinsə arzusu ilə durub-oturursan. Dillərini, adət-ənələrini zorla bizə qəbul etdirəcəklər, mənliyimiz tapdanacaq. Bundansa, ölüm min dəfə şərəflidir. Çığıranın qarşısında bağırmasan deyəcək ki səsi yoxdur. İzn verin, qoşuna əmr edim hazırlaşsın. Bizim də igid döyüşçülərimiz az deyil. Qoy əlimizin zərb-dəstini onlara göstərək.
Hamı onun fikrini bəyənir. Padşah yenə soruşur:
– Hazırlıq üçün nə qədər vaxt lazımdır?
– Padşah sağ olsun, on-on beş gün kifayətdir.
Padşah razılaşır. Əmr edir ki, elçini gətirsinlər.
Elçi gəlir. Baş əyib, padşahın hüzurunda müntəzir olur. Padşah ona belə cavab verir:
– Get, padşahınıza de ki, bizə on beş gün möhlət versin. Bahar bayramından sonra öz qərarımızı ona deyərik.
Elçi baş əyib gedir. Padşah yarım ay ehsan verir, ac-yalavacların qarnını doyurur, kasıb-kusuba qiymətli bəxşişlər verdirir.
Vaxt keçir, vədə tamam olur. Elçi yenə gəlir. Ona deyirlər: «Savaşı siz istəyirsiz, biz də döyüşməyə məcburuq. Məğlub olsaq, şərtinizə əməl edəcəyik. Amma qalib gəlsək, bilin ki, məmləkətinizdə daşı daş üstündə qoymayacağıq».
Bəli, qoşun şəhərin yeddi ağaclığında məskən salmaqda olsun, bu tərəfdən də padşah Bəhramla Bəhməni yanına çağıtdırıb, sarayın qabağındakı eyni təbii şəraitə malik olan bərabər ölçülü iki sahəni göstərib deyir:
– Biz döyüşə gedirik. Rəqibimiz çox güclüdür. Yəqin ki, uzun müddət vuruşacağıq. Baxın, bu sahələri görürsüzmü, onları sizə tapşırıram. İstədiyiniz meyvələri burada yetişdirə bilərsiniz. Qayıdanda baxacağam, hansınızın bağı xoşuma gəlsə, onu sarayın baş başbanı təyin edəcəyəm.
O gündən başlayaraq, Bəhramla Bəhmən bəhsə girdilər. Bəhmən ona tapşırılan yerdə bir-birnin yanında alma, ərik, armud və əncir ağacları basdırdı. Bəhram isə bağı üç hissəyə böldü. Birinci hissədə cərgə ilə armud, ikincidə alma, üçüncüdə isə şaftalı əkdi.
Onlar hər gün saatlarla bağdan çıxmayıb, ağaclara qulluq edirdilər.
Aylar keçir, il dolanır, bağlarda məhsul vaxtı yetişir. Bəhmənin bağında alma və armud ağacları böyüdükcə digər ağacların arasından cəmanı parça-parça, günəşi şüa-şüa gördüklərindən cır meyvə gətirir. Bəhramın bağında isə ağacların hamısı normal inkişaf edir və o, bağdan iri, qırmızı almalar, sap-sarı armudlar, dadlı şaftalılar yığır.
Bəhmən hirsindən dodaqlarını gəmirir, içi od tutub yanır. Bir tərəfdən də xəbər gəlir ki, qonşu padşah yavaş-yavaş geri çəkilməyə hazırlaşır.
Çox götür-qoydan sonra Bəhmən alma və armud ağaclarının qol-budaqlarından kəsib, əriklə əncirə calayır. «Padşah gələnə kimi elə bir meyvə yetişdirəcəyəm ki, – deyə düşünür, – hamının ağzı açıla qalacaq; baxanlar bir neçə meyvənin birləşməsindən əmələ gələn bu növdə, bu çeşiddə meyvəyə heç vaxt heç yerdə rast gəlmədiklərini etiraf etməyə məcbur olacaqlar və mən sarayın baş bağbanı təyin ediləcəyəm…»
Nağıllarda vaxt yüyrək olar, qızım, deyiblər. Bir il də keçir. Padşah qələbə ilə geri qayıdır. Bəhram onu şəhərin üç ağaclığında bağından yığdığı dadlı, ətirli meyvələrlə qarşılayır. Bəhmən isə gözə dəymir.
Gəlib şəhərə yetişirlər. Bəhmənin bağı xarabazara bənzəyirdi; süni calaqlar, ağacların əksəriyyəti tamam qurumuş, bir neçəsinin üstündə isə adda-budda cır meyvələr gözə dəyirdi. Bəhramın bağı isə uzaqdan adamı mehribanlıqla salamlayır, yaxınlaşanları isə gülər üzlə, şirin sözlə qarşılayırdı. Meyvələrin çoxluğundan ağacların budaqları az qalırdı yerə dəysin.
Padşah Bəhrama bəxşiş verib, onu sarayın baş bağbanı təyin edir. Bəhməni isə heç yerdə tapa bilmirlər. Deyirlər ki, qızım, onun o vaxt hara qaçdığı hələ indi də heç kimə bəlli deyil…
Nağıl sona çatdı. Şəhla nənəsinin üzündən öpüb:
– Çox sağ ol, nənəcan, – dedi. – Çox yaxşı nağıldır. Böyüyəndə mən də Bəhməni axtaracağam. Onu mütləq tapıb, o qurumuş ağacların hayıfını ondan alacağam.
Gülyaz nənə gülümsünüb:
– Sən də sağ ol, mənim ağıllı balam, çalış tez böyüyəsən, – deyərək, onun alnından öpüb, asta addımlarla fikirli halda otaqdan çıxdı.
Bakı,
23 yanvar 1979-cu il.

 

12 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir