Adil ZAMAN

Cəza alqoritmi
(Hekayə)

Prokurorun məhkəmədə çıxışından

Möhtərəm hakim, müttəhim Fariz Kamil oğlu Cəfərlinin cinayətləri istintaqla tam sübuta yetirilmişdir. Özü də təqsirini etiraf etmişdir. Buna görə də ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il həbs cəzası verilməsini tələb edirəm.

Müttəhim Fariz Cəfərlinin məhkəmədə dediklərindən

Mən təqsirimi yox, sadəcə etdiklərimi boynuma almışam. İstintaq səthi və başdansovdu aparılıb… Bəli, möhtərəm hakim, burada zərərçəkən adlandırılan Həmid Məmmədovu mən bu hadisədən əvvəl də tanıyırdım. Bilirdim ki prokurordur. “Milyonerlər məhəlləsi”ndəki villasında da olmuşdum… Təxminən 8-9 ay əvvəl… Semestr imtahanları ərəfəsində tələbə oğlunun noutbukuna virus düşmüşdü. Qonşuluğunda yaşayan nazir də yaxşı mütəxəssis axtardığını eşidib, məni məsləhət görmüşdü. Yarım gün əlləşdim, noutbuku tamam təmizlədim, bütün materialları, o cümlədən kurs işlərini də qoruyub saxladım. Gedəndə mənə 10 manat verdi, halbuki kompüter firmasında ondan bu iş üçün azı 100 manat alacaqdılar. Mən narazılığımı hiss etdirəndə 10 manat da verib dedi ki, yarım günə 20 manat pis deyil, qul bazarlarında heç gün ərzində o qədər qazanmırlar… Yox, yox, heç bir münaqişəmiz olmadı, əksinə, oğlunun sevindiyini görüb, ev və mobil nömrələrini verdi ki, işim düşsə müraciət edim. Telefonlarını yazsam da, əslində ondan nəsə xahiş etmək fikrim yox idi. Amma məcbur oldum. Bəlkə eşitmisiz, mənim böyük qardaşım Ariz Cəfərli jurnalistdir, təcrübəli redaktordur. Həm mətbuat sahəsində, həm də dövlət qarşısında danılmaz xidmətləri var. Amma hədsiz təvazökar olduğundan özü barəsində heç kimdən heç nə xahiş etmir. Onun tabeliyində işləyənlərin, rəhbərlik etdiyi qəzetlərdə çap olunanların bəzilərinə Əməkdar jurnalist adı, “Tərəqqi” medalı, Prezident təqaüdü, mənzil veriblər. Qardaşımı isə tamam unudublar. Yubileyi ərəfəsində həmkarları qəzetlərdən birində Prezidentə açıq məktub yazmışdılar ki, onun da xidmətlərini qiymətləndirsin. Heç bir reaksiya verilmədi. Bundan sonra iki il ərzində həm Prezidentin saytındakı xüsusi forma vasitəsilə, həm də ictimai-siyasi şöbəyə eyni məzmunlu bir neçə məktub göndərilib. Amma yenə daşdan səs çıxıb, Prezident aparatından yox. Halbuki o şöbənin rəhbəri dəfələrlə deyib ki, jurnalistlərə bütün mükafatlar, o cümlədən mənzillər təkcə ehtiyaclarına görə yox, birinci növbədə real xidmətlərinə görə veriləcək. İndi, möhtərəm hakim, siz o mükafat, ev alanların siyahısına baxın görək, heç 10-15 nəfəri jurnalist kimi tanıyırsınızmı. Hətta onların arasında bir neçə nəfər var ki, işləri-peşələri Prezidenti və hökuməti söymək, təhqir etmək olub… Bilirəm, bu sizin səlahiyyətlərinizə aid məsələ deyil, mən sözgəlişi dedim. Tatsit əbəs yerə demirdi ki, dövlət iki halda dağılır – günahsız cəzalandırılanda və cinayətkar cəzasız qalanda. Siz insan psixologiyasına dərindən bələdsiz və yaxşı bilirsiz ki, xidmətlərinə görə lazımi qiymət almayanlar, dövlət və cəmiyyət tərəfindən daima laqeydlik görənlər əksər hallarda cinayətə daha çox meylli olurlar… Xeyr, nə danışırsız, qardaşım kifayət qədər səbatlı insandır, o nəinki dövlətə və cəmiyyətə, heç adicə bir şəxsə qarşı da qanunsuz əmələ yol verməz. Sadəcə keçəl və güzgü məsələsi yada düşür. Avropanın ikili standartlarından gecə-gündüz şikayətlənənlər öz vətəndaşlarına qarşı daha çox ayrı-seçkilik edirlər… Yox, möhtərəm hakim, mən siyasi çıxış etmirəm, amma fakt faktlığında qalır – Aparatda kiminsə qohumu, dostu, yerlisi deyilsənsə, layiq olduğun imtiyazları da ala bilməzsən. Buna görə də qardaşımın bir neçə dostu dedi ki, əsla ruhdan düşməsin, belə bir iqtidardan pay alıb, cəmiyyət tərəfindən qəbul edilməyən saray yazarı olmaqdansa, heç nə ummayıb əvvəlki kimi tam müstəqil fəaliyyət göstərsin, maraqlı yazılarla daha tez-tez çıxış etsin. O da çoxdan üzərində işlədiyi felyetonu tamamlayıb, göndərdi saytlardan birinə. Ola bilsin ki, adamın gözünün içinə baxa-baxa utanıb-qızarmadan yalan danışmağı, yaltaqlıq etməyi, əqidəsini papaq kimi dəyişməyi bacarmayanların potensialından lazımınca yararlanmamağın iqtidar üçün hansı fəsadlara səbəb olacağını göstərmək üçün daha sərt və dəqiq ifadələr işlətmişdi, yaxud da felyetonda adı çəkilən simasız məmurları janrın tələbləri daxilində ustalıqla lağa qoymuşdu, deyə bilmərəm, amma yazı dərc olunanın səhəri günü ömründə siqaret çəkməyən qardaşımın cibinə nəsə qoyub, narkotik istifadəçisi kimi həbs etdilər.

Hekayəni tam şəkildə aşağıdakı link vasitəsilə pdf formatında oxuya və endirə bilərsiniz:


Bu hissəyə baxış məhdudlaşdırılıb. Gizlədilmiş mətni görmək üçün lütfən qeydiyyatdan keçib, öz login və parolunuzla sayta daxil olun. Please Login or Register for access.

19 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir