Kari və Katura

  KK   Bu rubrikada hər hansı fakta – məşhurların sözlərinə, siyasətçilərin fikirlərinə, baş vermiş hər hansı bir hadisəyə özünəməxsus yumoristik münasibət ifadə olunacaq. Söhbət əkiz bacı-qardaş – KariKatura arasında əsasən dialoq formasında aparılacaq.

Yəqin ki, Karinin oğlan, Katuranın isə qız olduğunu başa düşdünüz. Amma dəqiqləşdirilməyə ehtiyacı olan bir məsələ var ki, bu da onların milliyətidir. Adları nə qədər qəribə olsa da, həm Kari, həm də Katura təmiz azərbaycanlıdır və milli mentalitetimizə aid olan heç nə onlara da yad deyildir. Xüsusilə də qeybət, başqalarının uğurlarına paxıllıq etmək, pul qazanmağı bacaran zəmanə adamlarını gözü götürməmək (onların bu xüsusiyyəti Rəfail və Coşqunun iştirakı ilə “Azərcell”in yeni reklamında özünü daha qabarıq biruzə verir), bir sözlə, özgələrin işinə burnunu soxmaq bu əkiz bacı-qardaşın sevimli şakərinə çevrilmişdir. Bunu onlara irad tutanda isə hər ikisi bir kkağızdan deyir: “Homo sum, humani nihil a me alienum puto”. Sonra isə heç nə anlamayan müsahiblərinin təəccüblü baxışlarından doyunca ləzzət alıb, latınca olan bu ifadəni adam dilində də söyləyirlər: “Mən insanam və insana xas olan heç nə mənə yad deyil”.

Əslində isə bu cümlə də başabəla bacı-qardaşa yox, Avropada Terense adı ilə tanınan romalı yazıçı-dramaturq Publius Terentius Afer-ə məxsusdur. (Eramızdan əvvəl təxminən 195-159-cu illərdə yaşamışdır). Həmin ifdəni isə ilk dəfə eramızdan əvvəl 162-ci ildə onun “Özü-özünə işgəncə verən” (lat.: Heauton Timorumenos, ing.: The Self-Tormentor, rus.:   “Самоистязатель”) komediyasının personajlarından biri söyləmişdir. Əvvəl Romada, sonra isə Avropada qanadlı sözə çevrilən bu cümlə kifayət qədər mütaliə etmiş Kari və Katuranın çox xoşuna gəlmiş və onu öz tənqidçilərinə qarşı etibarlı sipər kimi istifadə etməyə başlamışlar. Yəni demək istəyirlər ki, əgər kimsə qınaq obyekti axtarırsa, qoy qədim romalılardan başlasın. Axı insanlara xas olan heç bir naqis xüsusiyyət onlara da yad olmamışdır. Buna görə də bizim bacı-qardaşın da dialoquna, müasir dillə desək, tolerant yanaşmaq məsləhətdir.
     PS. Əgər oxucular da hər hansı diqqətçəkən bir faktı Kari və Katura kimi yozsalar, onların da şərhlərini məmnuniyyətlə dərc etməyə hazırıq. Ürəkli olun, kəməndinizi cəsarətlə atın!

114 dəfə baxılıb

Şərhlər

Kari və Katura — 2 Şərh

  1. Pingback: Özümüz müstəqilik. Bəs terminlərimiz?.. | "Zaman" qəzetinin xidmət şəbəkəsi

  2. Pingback: İlham Əliyev kimə mükafat verir? | "Zaman" qəzetinin xidmət şəbəkəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir