«KariKatura» silsiləsindən

Poeziya iqtidara xidmət etməlidir
(Felyeton)

Biz, əkiz bacı-qardaş, Kari bəy və Katura xanım, adlarımızın qəribəliyinə baxmayaraq, təmiz azərbaycanlıyıq, özü də türk soyköklüyük. Ona görə də bu millətə xas olan bütün keyfiyyətlər bizə də yad deyildir. Məsələn, deyirlər ki, azərbaycanlılar şair xalqdır. Elə biz də poeziyanı çox sevirik. Düzdür, son vaxtlara qədər bu sevgimiz birtərəfli di — biz ancaq başqalarının yazdıqlarını oxuyurduq. Özümüz isə gündən-günə çiçəklənən ölkəmizdə ilhamımızın qol-qanad açmasına, təbimizin coşmasına baxmayaraq, oxucuları gözəl poeziya nümunələri ilə feyziyab eləmək əvəzinə uzun-uzadı polemik söhbətlər edirdik. Əsas mövzumuz da belə idi: «Sənətə yoxsa iqtidara xidmət etməli?» Hər ikimiz son nəticədə: «Əlbəttə, sənətə!» deyirdik, amma elə həmin anda, nədənsə, Zəlimxan Yaqub gəıib dururdu gözümüzün qabağında — dalbadal çapdan çıxan qalın-qalın kitabları ilə, qəzetlərdə tez-tez dərc edilən səhifə-səhifə şeirlərilə, dövlət səviyyəli məclislərdə tamadalıq hüququ ilə… Və mübahisələrimiz yenidən qızışırdı.
Problem gözlənilmədən həll olundu. Təxminən iki ay əvvəl pultun səhvən başqa düyməsini basdıq və gördük ki, AzTV ilə mahnıyabənzər bir şey verilir:
«Yaşa, prezidentim, yaşa
Millətinlə baş-başa…»
Dəfələrlə təkrarlanan bu və digər bu kimi misraların hansısa bir şair tərəfindən yazıldığını eşidəndə qulaqlarımıza inanmadıq. Lakin sonradan dəqiqləşdirəndə ki, bu həqiqətən belədir və həmin müəllif… Fikrət Qocadır, özümüz üçün qəti müəyyənləşdirdik: «Poeziya iqtidara xidmət etməlidir». Bizi qələmə sarılmağa vadar edən isə Azərbaycan Prezidenti haqqında deyilmiş belə bəsit sözlər oldu. Düşündük ki, sabah həmin «şeir»i neçə-neçə xarici dilə tərcümə edib, dünyanın hər yerində yayacaqlar. Fəqət nə bahalı kağız, nə də gözl tərtibat onu poeziya nümunəsinə çevirə bilməyəcək və ingilis də, alman da, fransız da, ispan da… dodaq büzüb deyəcək: «Xalq şairini qələmindən belə misralar çıxan millətin şeir yazması poeziyaya parodiyadır».
Nəyin bahasına olursa-olsun lkəmizin beynəlxalq imicini təcili xilas etmək lazım idi. İşimizi asanlaşdıran o oldu ki, lirik qəhrəmanımızın hər şeyə qadir dühası fantaziyamızın əl-qol açmasına imkan verdi. Mövzu da, elə bil, bizi gözləyirdi — həm təzə, həm də həyati. Buna görə də qısa müddətdə gözəl bir sənət əsəri yaratdıq. Hətta çəkməçi Əmir kişi eşidən kimi vəcdə gəlib dedi: «Şeir yox, əsl şedevrdir!..»
Şaxta-boran sovuşdu,
Gül bülbülə qovuşdu.
Ağaclar açdı yarpaq,
İsindi doğma torpaq.
Donəcək gülüstana,
Ölkəmiz bu gün-sabah.
Anamız təbiətə
Heydər qayğısına bax.
Siz də Əmir kişi ilə razısınızmı? Odur ha!..
Saray şairləri şok vəziyyətindən çıxmamış şeiri əlüstü rus dilinə də çevirdik. Amma paxıllar bu uğurumuzun da üstünə kölgə salmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar. Biri deyir ki, misralar orijinaldakından azdır, o biri əlavə edir ki, hecaların sayı da fərqlidir, üçüncüsü rus mətnində gül-bülbül tapa bilmir, dördüncüsü ağac-torpaq axtarır…
Bu boyda şair xalqın içərisində bircə nəfər də olsa tapılmır ki, yaratdığımız obrazın obrazlılığını duyub göstərə bilsin:
На дворе утихла вьюга,
Прилетели два грача.
Это большая заслуга,
Гейдара Алиевича.
Amma biz ruhdan düşmürük. Saraya doğru inamla addımlayırıq. Artıq yolumuzdakı sonuncu svetaforun sarı işığı yanır. Səbrsizliklə yaşıl işığın yanmasını — şeirin ingilis dilinə tərcüməsini gözləyirik. Ancaq, təəssüf ki, dil məsələsi il bağlı ciddi problemlərimiz var. Rus variantı ətrafında gedən söz-söhbətdən sonra belə bir şedevrin tərcüməsini heç kimə etibar edə bilmərik. Qərara almışıq ki, özümüz ingilis dilini öyrənək. İndi də maliyyə çətinlikləri ortaya çıxıb. İstədik Fikrət Yusifovdan 2-3 min dollar alıb, Kembric universitetinə gedək. Amma məktubumuza cavab vermədi, bir neçə dəfə göstərdiyimiz inadlı cəhdlərdən sonra qəbuluna düşəndə isə dedi: «Mən kitab-mitab, şeir-meir üçün pul vermirəm. İnanmırsınızsa, gedin Elçin Əfəndiyevdən soruşun».
Əlacımız ona qalıb ki, nüfuzlu qəzetlərdən birində H.Əliyev cənablarına müraciət edək: «Möhtərəm Prezident! Əgər ərkiniz çatırsa, Maliyyə nazirinə deyin, Böyük Britaniyada(Amerikada da olar) ingilis dilini öyrənməkdən ötrü iki nəfə üçün zəruri vəsaiti(yol pulu, təhsil haqqı, qalmaq və yeyib-içmək xərcləri) nağd şəkildə bizə versin».
Bir neçə redaktor bizim xahişimizi qəzet vasitəsilə Prezidentə çatdırmağa söz versə də F.Yusifovun inadkarlığına bələd olduğumuzdan azca qala əl-qolumuz yanımıza düşəcək, arzumuz gözümüzdə qalacaqdı. Xoşbəxtlikdən, svetaforun qarşısında dayanıb, saraya doğru qəmgin-qəmgin baxdığımız anların birində şad xəbər eşitdik — H.Əliyevə nəyə görəsə Atatürk mükafatı veriləcək, üstündə də 1000 cümhuriyyət altunu. Deyilənə görə, bizim pula çevirəndə 60 min dollar eləyir. Qoy indi maliyyə bossu yana-yana qalsın. Mayın 19-a nə qalıb ki! Pişiyin də Allahı var. Tezliklə biz də sarayda öz layiqli yerimizi tutacağıq!..

«KK»-ların söhbətini qələmə aldı
Adil ZAMAN

22-23 aprel 1999.

 
33 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir