Adil ZAMAN

Sapa düzülmüş muncuqlar
(Kiçik povest)

…Həftədə iki-üç dəfə Kiçikxanımla İçərişəhərdəki otaqda olurdular. Bura çox xəlvəti bir yer idi. Evə dar bir dalandan girirdilər. Qonşulardan heç birinin qapısı bu dalana açılmırdı. Otağın kiçik bir pəncərəsi vardı. Pəncərədən azca aralı qonşunun ikimərtəbəli evi ucalırdı. Buna görə də ən günəşli havalarda belə gündüzlər də elektrik lampasından istifadə etmək lazım gəlirdi. Adi elektrik plitəsi otağı qızdırmaq üçün kifayət edirdi. Kiçik bir miz, iki alçaq kətil, bir paltar dolabı və bir ikiadamlıq taxtdan başqa otaqda heç nə yox idi. Taxtın üstündə ikiadamlıq bənövşəyi yorğan və bənövşəyi məxmərdən üzlənmiş böyük döşək, iki yun döşəkçə, iki tük mütəkkə və bir neçə kvadratşəkilli rəngbərəng parça vardı. Səliqəli parket və açıq yaşıl rəngli divarlar buranı sakit bir guşəyə çevirmişdi. Sağ tərəfdəki qapı isə kiçik bir otağa – hamam və tualetə açılırdı. Yerə və divarlara açıq göy rəngdə mərmər döşənmişdi. Unitaz və vanna olmasa da, duş və daimi su vardı. Ən əsası isə divara vurulmuş ağ rəngli elektrik su qızdırıcısı cəmisi beş dəqiqəyə suyu isidirdi. Hər şey gözəl və səliqəli idi. Fazilin heç ağlına da gəlməzdi ki, əyri-üyrü, divarlarının daşları tökülən, təmirsiz evlərin yerləşdiyi dalanda belə rahat və xudmani bir otaq ola bilər…
…Bir neçə ay beləcə davam etdi. Hər şey Fazilin ürəyincə idi. Aralarında yeddi illik yaş fərqi olsa da, bu nə yataqda, nə də onların xarici görünüşündə özünü büruzə verirdi. Fazil elə bilirdi ki, qız onunla həmyaşdır. Həm də Kiçikxanımın Bakının dindar bir kəndindən olması ürəyincə idi. “Belə tərbiyəli, ağıllı qızlar az-az tapılır” deyə onunla münasibətləri barədə get-gedə daha ciddi düşünməyə başlamışdı. Kiçikxanım da evlərindəki o görüşdən sonra özünü elə aparırdı ki, guya Fazil onun həyatında ilk və yeganə kişidir. Nəvazişli rəftarı ilə oğlanı özünə elə bağlamışdı ki, Fazil artıq bircə gün onu görməyəndə yaman darıxırdı. Hərdən qız qəsdən evdən çıxa bilmədiyini bəhanə gətirib görüşə gəlmir, bununla da oğlanın hisslərini daha da alovlandırırdı. Bəzən isə gedib kənddə nənəsinin yanında qalır, vəzifəli, imkanlı kişilərin yaxınlıqdakı dəbdəbəli bağ evlərində onlarla görüşür və oğlanı günlərlə intizarda saxlayırdı. Bundan xəbərsiz olan Fazil isə saatlarla qızgilin binasının ətrafında gəzir, lakin onu görə bilməyib, kor-peşman evə qayıdırdı. Bu gün də onlar bir həftəlik fasilədən sonra görüşmüşdülər. Qız nənəsinin    xəstələndiyini bəhanə gətirib, ona qulluq etdiyini söyləyəndə Fazil bir qədər yumşalsa da ayrılığa dözə bilmədiyini açıq-aşkar büruzə vermişdi. Bunu sövq-təbii hiss edən Kiçikxanım elə yataqdaca yanılmadığına bir daha yəqinlik hasil etmiş və nəvazişini birə beş artıraraq, hamilə olduğunu bildirmişdi. “Gərək tezliklə evlənək. Ata-anam bilsə…”
Bu xəbər 18 yaşlı Fazil üçün nə qədər gözlənilməz olsa da, bir çox tay-tuşları kimi yaxasını kənara çəkməyib:
– Düzü, belə tezliklə ata olacağım mənim heç ağlıma da gəlməzdi, – demişdi. – Görək papa nə deyir…

Povesti tam şəkildə aşağıdakı link vasitəsilə pdf formatında oxuya və endirə bilərsiniz:


Bu hissəyə baxış məhdudlaşdırılıb. Gizlədilmiş mətni görmək üçün lütfən qeydiyyatdan keçib, öz login və parolunuzla sayta daxil olun. Please Login or Register for access.

13 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir