Adil ZAMAN

Sən yadıma düşəndə…
(Mənsur şeir)

…Arzuya bax, sevgilim,
Tellərindən incəmi,
Soylə, ürəyincəmi?..
Müşfiq

Çay bilmişdim səni mən eşidib şırıltını. Sularina baş vurmaq ən böyük arzum idi; gördüm dayaz bir arxsan.
Qasırğadan da güclü zənn eləyirdim səni eşidib vıyıltını. Qabağında durmaqçın yüzillik bir palıddan möhkəmlik öyrənirdim; əfsus, adi küləksən – mənim gözümlə baxsan.
Səni fəzalar qədər geniş, sonsuz sanırdım. Ənginliklərə uçmaq həsrətilə yanırdım; arzum gözümdə qaldı – kədərim dağlar kimi buludlara ucaldı.
Bir vaxt xəyallarımı baldan şirin bilirdim. Daddım; duya bilmədim şəkər şirinliyini.
Ümidlərim od tutub; alışıb yanır, gülüm. Coşqun çay gərək mənə söndürməkçin yanğımı. Dönsənə dağ çayına – sönərəm bircə anda.
Külək dağıda bilmir dağdan ağır dərdimi. Qasırğaya dönsənə – donərək qol-budaqlı palıda mən bir anda duraram qabağında.
Qartalam, hüdud, sərhəd tanımıram əzəldən. Sonsuz fəza olmağı, söylə, bacararsanmı – açım qanadlarımı, uçum, uçum doyunca, ənginliklər boyunca!..
Bakı,
8-10 may 1979.

26 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir