Məqalə

İbrahim Rüstəmli heç vaxt heç kimin adamı olmayıb!

Hörmətli redaksiya!
Avqustun 1-də moderator.az saytında hərbi jurnalist İbrahim Rüstəmli haqqında “Bəs deyirdiniz “heç kim unudulmur, heç nə yaddan çıxmır!” adlı bir yazı (http://www.moderator.az/news/146490.html) oxudum.

Müəllifi göstərilməsə də, mən onu qələmə alanla tam razıyam, çünki İbrahimi yaxşı tanıyıram – qızğın döyüşlərin getdiyi 1992-ci ildə cəbhənin qaynar bölgələrindən “İbrahim İbadoğlu” imzası ilə operativ materiallar hazırlayan bu jurnalist mənim ən çox güvəndiyim işçilərimdən biri olub. Amma İbrahimin necə bir şəxsiyyət olduğunu göstərmək üçün o zaman Müdafiə Nazirliyində, o cümlədən də “Xalq Ordusu” qəzetində yaranmış vəziyyət barədə bir neçə kəlmə yazmaq istəyirəm. Yaxın tariximizdə baş verənləri doğru-düzgün qələmə almalıyıq ki, kimin kim olduğunu hamı dəqiq bilsin.
Yaqub Məmmədovun Prezidentin səlahiyyətlərini icra etdiyi dövrdə mən ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin yeni yaradılmış Redaksiya-Nəşriyyat kompleksinin rəisi (faktiki olaraq informasiya siyasəti üzrə nazir müavini) təyin olunmuşdum. Bu sahədə mənim kifayət qədər təcrübəm vardı. İki il Estoniyada və Krasnodar vilayətində həmişə döyüşə hazır olan ayrıca mühəndis-istehkam taborunda xidmət etmişdim. Birinci hərbi ixtisasım tırtıllı minadüzən maşının sürücü-mexaniki və operatoru vəzifəsi olub. Eyni zamanda xidmət dövründə böyük bir diviziyanın qəzetinin redaktoru olaraq hərbi jurnalist kimi fəaliyyət göstərmişdim. Keçən əsrin 80-ci illərinin əvvəllərində isə Naxçıvanın Culfa şəhərində hərbi radio-mühəndis kimi xidmət edib, leytenant rütbəsi almışdım. Bundan başqa uzun müddət Rusiya qəzetlərində bir sıra rəhbər vəzifələrdə işləmiş təcrübəli jurnalist idim və Qarabağ savaşı başlayan kimi yüksək vəzifəmdən və yaxşı şəraitimdən imtina edib, Azərbaycana qayıtmışdım.
1992-ci ildə qanuni müddət bitdiyinə görə hərbi komissarlıq mənə ehtiyatda olan kapitan rütbəsi verəcəkdi, lakin həqiqi hərbi xidmətə çağırıldığım üçün sənədlərim Müdafiə Nazirliyinə göndərilmiş və burada mənə tutduğum vəzifəyə görə hərbi praktikaya uyğun olaraq ən azı növbədənkənar mayor rütbəsi verilməli idi. Lakin R.Qazıyev: “Sən bura rütbə almağa gəlmisən?” deyərək, mənə nəinki mayor, heç qanuni kapitan rütbəsini də verməmişdi. Mən də təkid etməmişdim, çünki sakit Rusiyadan müharibə edən Azərbaycana Vətənə xidmət etmək üçün gəlmişdim…
… Mən bu vəzifəyə o şərtlə getmişdim ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti də daxil olmaqla bütün informasiya siyasətinə rəhbərlik edəcəyəm. Amma Rəhim Qazıyevin kabinetində – Baş Qərargah rəisi Şahin Musayevin və nazir müavini Vahid Musayevin də iştirak etdiyi bir toplantıda o vaxtkı Müstəqil Sosial Demokrat Partiyasının sədri olan Leyla Yunusova gözlənilmədən dedi: “Raqim bey, Metbuat xidmetinə mən başçılıq etmək istəyirəm. Adil qəzet işini də yaxşı bilir. “Xalq Ordusu” da hərbi qəzetin tələblərinə cavab vermir. Qoy gedib vəziyyəti düzəltsin…” Mən təəccüblə R.Qazıyevə baxdım. O isə sakitcə siqaretinə bir qullab vurub: “Get, qəzetlə tanış ol, lazımsız şöbələri ləğv et, yeni strukturu təsdiqə gətir” dedi. Müdafiə Nazirliyinin Redaksiya-Nəşriyyat kompleksinin rəisi vəzifəsindən əlavə “Xalq Ordusu” qəzetinin baş redaktorluğu mənə bax belə – Leyla Yunusovanın təklifi və Rəhim Qazıyevin razılığı ilə həvalə olundu…
… İki aya yaxın çıxan qəzetlə tanışlıq zamanı məlum oldu ki, Nazirliyin rəsmi orqanı faktiki olaraq Ramiz Məlikov adlı bir hərbi həkimin rəhbərlik etdiyi Mətbuat xidmətinin bülleteni kimi fəaliyyət göstərir və qəzetdə gedən bütün yazılar onun icazəsi ilə dərc olunur. Redaksiyada çalışan nəinki hərbi vəzifəli, həm də mülki şəxslərin işə qəbulu və işdən azad edilməsi məsələləri ilə isə Nazirliyin Kadrlar şöbəsi məşğul olurdu. Baş redaktor Üzeyir Cəfərovun elə bir səlahiyyəti yox idi. Redaksiyanın strukturu da hərbi qəzetin tələblərinə, həqiqətən, uyğun deyildi. Məsələn, R.Məlikov özü şer yazdığına görə müharibə edən ölkənin hərbi qəzetində aparıcı şöbələrdən biri Mədəniyyət şöbəsi idi və qəzetdə tez-tez müxtəlif şerlər və bədii yazılar dərc olunurdu. Ordu siyasətə qarışmamalı olduğundan qəzetdə digər aparıcı şöbənin Siyasət şöbəsi olması isə tamamilə nonsens idi. Qəzetin şüarı da xoşuma gəlmədi: “Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik”. Əgər öləcəyiksə, onda bu Vətəndə kim yaşayacaq?
Mən qəzetin təkcə strukturunun yox, həm də statusunun dəyişdirilməsi məsələsini qaldırdım. Yeri gəlmişkən, artıq R.Məlikovun yerinə Leyla Yunusova təyin olunmuşdu və o, qəzeti də öz tabeliyində saxlamaq istəyirdi. Mən Redaksiya-Nəşriyyat Kompleksinin rəisi kimi buna qarşı çıxdım və fikrimi onunla əsaslandırdım ki, Nazirliyin mətbu orqanı onun hansısa bir şöbəsinə tabe ola bilməz. Təəssüf ki, günü bu gün də bir sıra nazirlik və idarələrin mətbu orqanları mətbuat mərkəzlərinin bülleteni kimi fəaliyyət göstərir.
Mən qısa müdətdə “Xalq Ordusu” qəzetinin hərbi qəzetin tələblərinə tam cavab verən strukturunu hazırladım. Təbii ki, Mədəniyyət və Siyasət şöbələri də ləğv olundu, qəzetin şüarı isə “Yağılara aman vermə!” oldu. Yeri gəlmişkən, 1992-ci ildə “Xalq Ordusu” qəzetinə baş redaktor təyin olunana qədər bircə gün də rəhbər vəzifədə işləməmiş, hazırda özünü “hərbi ekspert” adlandıran Üzeyir Cəfərov iki ay mətbuat xidmətinin bülleteni statusunda fəaliyyət göstərən və özünün baş redaktor kimi praktik olaraq heç bir səlahiyyəti olmayan qəzetin strukturunu müdafiə edir. Əgər həmin struktur hərbi qəzetin tələblərinə cavab versəydi, biliyinə və təcrübəsinə görə Azərbaycanın bir nömrəli hərbi generalı olan və ölkədən qaçmış Ş.Musayevin yerinə Baş Qərargah rəisi təyin olunmuş V.Bərşadlı redaksiyanın mənim tərtib etdiyim yeni strukturunu təsdiq etməzdi.
Yeni struktura görə redaksiya müstəqil hərbi vahid olduğundan baş redaktor artıq Mətbuat xidmətinin rəhbərinə yox, yalnız Nazirliyin Kollegiyasına və Müdafiə nazirinə tabe idi. Nəinki mülki, həm də hərbi vəzifələrə işə qəbulla isə baş redaktor müstəqil məşğul olurdu və bütün əmək kitabçaları onun seyfində idi. Qəzetdə dərc olunan materialları da baş redaktor heç kimlə razılaşdırmırdı və onlardan hamı yalnız qəzet çap olunandan sonra xəbər tuturdu.
Oxucularda tam təsəvvür yaransın deyə burada bir haşiyə çıxaraq, həmin bu “hərbi ekspert” Ü.Cəfərov haqqında bir neçə faktı da qeyd etmək istəyirəm. Dediklərimi haqqında söhbət gedən sabiq əməkdaşım İbrahim Rüstəmli də təsdiq edə bilər. Baxmayaraq ki, vəzifədən çıxarıldığını eşidən Ü.Cəfərov məni çox pis qarşılamış, kürsüsündən ayrılmaq istəməyərək bir neçə dəfə R.Qazıyevlə görüşmək istəmiş, buna müvəffəq olmayanda isə naziri söyə-söyə redaksiyanı mənə təhvil vermişdi, mən öz mədəniyyətimə uyğun olaraq ona qarşı nəinki aqressiv davranmadım, əksinə, ona redaksiyada qalıb, yeni strukturdakı baş redaktorun çox geniş səlahiyyətli 1-ci müavini vəzifəsində işləməsini təklif etdim. Üzeyir razılaşmadı. Onda dedim: “Rusiyadan gələn azərbaycanlı hərbçilərin çoxu Azərbaycan dilini bilmir. Onlar üçün “Xalq Ordusu”nun həftədə bir dəfə rus variantını buraxmaq planım var. Gəl səni həmin qəzetə redaktor təyin edim. Ayrıca işçilərin olacaq. Qəzeti də özün müstəqil hazırlayacaqsan. Mən yalnız ümumi rəhbərlik edəcəyəm”.
Üzeyir: “Mən daha qəzetdə işləmək istəmirəm” deyib, bu təklifimdən də imtina etdi. Ancaq, sən demə, hikkəli Ü.Cəfərovun məkrli planları varmış.
Elə ilk günlərdən gördüm ki, redaksiyada iki böyük qrup var – biri həmin bu Üzeyirin rəhbərlik etdiyi mütəllibovçular, o biri isə Söhbət Səfərli adlı birisinin dediyi ilə oturub-duran müsavatçılar. Bunlardan başqa əvvəlcə Milli İstiqlal partiyasının üzvü olan, E.Məmmədov prezidentliyə namizədliyini geri götürəndən sonra isə İsa Qəmbərin hakimiyyətə gəldiyini görüb, Müsavat partiyasına keçən və qeyri-etik üsullardan istifadə edərək, özünü “Xalq Ordusu”na baş redaktor təyin etdirmək istəyən Nəsiman Yaqublu adlı birisi hər cür çirkin üsullardan istifadə edərək qəzetin fəaliyyətinə mane olmaq istəyirdi. Ən çox da “daha qəzetdə işləmək istəməyən” Ü.Cəfərov canfəşanlıq göstərirdi. Hətta bir dəfə müsavatçılarla birləşib, general V.Bərşadlının yanına gedərək, kollektivin güya başqa redaktor istədiyini bildirmiş və özünü həmin vəzifəyə qaytarmağı xahiş etmişdi. Müsavatçılar isə mütəllibovçularla yalnız mənim əleyhimə birləşmişdilər və onların da baş redaktorluğa öz namizədləri vardı. Nəticədə mübahisə etmişdilər və müdrik general Bərşadlı onları öz kabinetindən qovandan sonra məni çağıtdırıb əhvalatı danışaraq demişdi: “Как ты работаешь с этим сбродом? Тебе следует немедленно очистить редакцию от этого мусора. Иначе они не дадут тебе работать”. (“Sən bu tör-töküntü ilə necə işləyirsən? Təcili redaksiyanı bu zibildən təmizləməlisən. Əks halda onlar səni işləməyə qoymayacaqlar”). Lakin mən bu xəbərdarlığa da baxmadan, əleyhdarlarımın hamısına yaxşı vəzifələr təklif etdim. Çoxu razılaşdı və redaksiyada qaldı. Müsavatçılar isə köhnə strukturda Siyasət şöbəsinin müdiri olmuş Söhbət Səfərlinin başçılığı ilə əvvəlki vəzifələrinin bərpası üçün məhkəmələrə üz tutdular. Təəssüf ki, nə nazir R.Qazıyev, nə də hakimlər onlardan soruşmurdular ki, sizin bitərəf ordu qəzetində Siyasət şöbəsini bərpa etdirməkdə məqsədiniz nədir və ordunu hansı siyasət bataqlığına sürükləmək istəyirsiniz?
Bütün bunları ona görə yazıram ki, oxucular haqqında yuxarıda söhbət gedən İbrahim Rüstəmlinin necə bir şəraitdə işlədiyini aydın təsəvvür etsinlər. İbrahim gözəl bilirdi ki, baş redaktor olmaq istəyənlərin ən azı ikisi, çox güman ki, onunla işləmək istəməyəcək və redaksiyaya öz adamlarını gətirəcək. Buna baxmayaraq, İ.Rüstəmli bu intriqalarda iştirak etmir, heç kimin tərəfini saxlamırdı. Hətta mənim özümü də açıq müdafiə etmirdi – onunla münasibətlərimiz baş redaktor-müxbir səviyyəsindən irəli getməmişdi. Bu deyilənlərə əsasən mən bir daha təsdiq edirəm ki, İbrahim Rüstəmli nəinki Səfər Əbiyevin, ümumiyyətlə, heç kimin adamı olmayıb və deyildi. O, sadəcə, vicdanlı və vətənpərvər bir jurnalist, etimadı həmişə doğruldan məsuliyyətli bir işçi idi.
Mən bilmirəm, moderator.az-da dərc olunan həmin yazını kim və hansı məqsədlə yazıb. Bildiyim və qəti qənaətim budur ki, mənim İbrahim İbadoğlu imzası ilə yazan sabiq əməkdaşım İ.Rüstəmli hər cür diqqətə və qayğıya layiq bir jurnalistdir. Tanrı ona yar olsun!

Hörmətlə,
Adil ZAMAN,
Müdafiə Nazirliyinin tam müstəqil hərbi vahid olan
“Xalq Ordusu” qəzetinin ilk və son baş redaktoru
Bakı,
1-2 avqust 2016

26 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir