Məqalə

Sağlığında qiymət verək insanlara…

“Qarabağ qaziləri” İB-nin sədri Etimad bəy Əsədovun ölüm xəbərini eşidəndə bərk sarsıldım. Ağlıma ilk gələn bu oldu ki, yəqin, avtoqəza keçirib. Onun birdən-birə bu yaşında vəfat etməsini ağlıma gətirə bilmirdim.
…Onunla cəmisi 7 ay əvvəl görüşmüşdük. Xəstə olduğumu eşidən kimi zəng edib evimizin yerini soruşmuş və heç bir saat keçməmiş oğlum onu qarşılayıb evə gətirmişdi. Özü də adəti üzrə əlidolu gəlmişdi. Həmişəki qayğıkeş, səmimi Etimad idi. Mənə ürək-dirək verərək, tezliklə sağalacağımı, hələ qarşıda görüləcək çox işlərimizin olduğunu deyirdi. Nə qədər arzusu, planlari vardı…
…Onunla ilk dəfə 1994-cü ilin dekabrında şəxsən tanış olmuşdum. Təsisçisi və Baş redaktoru olduğum “Zaman” qəzeti maliyyə çətinliyinə gorə fəaliyyətini müvəqqəti dayandırdığından başqa bir qəzet üçün ondan müsahibə almaq məqsədilə Qarabağ Əlillər Cəmiyyətinin Dərnəgüldəki qərərgahına gəlmişdim. Burda məlum oldu ki, Etimad bəy məni qiyabi olaraq hələ 1992-ci ildən – Müdafiə Nazirliyinin “Xalq ordusu” qəzetinin baş redaktoru olduğum vaxtdan tanıyır. Xüsusilə qəzetin şüarı – “Yağılara aman vermə!” – onun çox xoşuna gəlmişdi. Azərbaycan mətbuatı tarixində ilk dəfə mənim rəhbərliyim ilə birbaşa ön cəbhədə buraxılmış “Döyüş bülletenləri”ni də yüksək qiymətləndirirdi. Əhali arasında, xüsusilə də döyüş bölgələrində bu qədər populyar olan qəzetin o vaxtkı Müdafiə naziri R.Qazıyev tərəfindən bağlanmasını isə səhv addım hesab edirdi.
Sonra gözləmədiyim halda Etimad bəy “Zaman” qəzeti ilə maraqlandı, son vaxtlar çıxmamasının səbəbini soruşdu və dedi:
– Bir neçə aydan sonra QƏC-ə poliqrafiya avadanlığı veriləcək. Əgər Nizamnaməni dəyişdirib, bizi də “Zaman”ın həmtəsisçisi kimi qəbul etsəniz, mən qəzeti cəmiyyətin Poliqrafiya sexində buraxaram, redaksiyaya otaq verərəm və 4-5 işçiyə az da olsa əmək haqqı üçün vəsait ayıraram.
Mən, təbii ki, razılaşdım. Çünki “Xalq ordusu”ndan sonra “Zaman”da da biz Qarabağ mövzusuna, şəhid və əlillərə xüsusi diqqət verirdik. Beləliklə, 1995-ci ilin sentyabrından “Zaman” QƏC-in orqanı kimi fəaliyyətə başladı.
Təəssüf ki, Etimad bəylə birgə fəaliyyətimiz cəmisi bir il davam etdi. Amma bu bir ili mən “Zaman”ın “qızıl dövrü” adlandırardım. Qəzet olduqca faydalı iş görürdü. Onlarla Qarabağ müharibəsi əlilinə mənzil və torpaq sahəsi almaqda, ehtiyacı olanları respublikada və xaricdə müalicə etdirməkdə, protezlə təmin etməkdə və s. qəzetin əvəzsiz xidmətləri olmuşdu. Etimad bəy nəinki qəzetin işinə müdaxilə etmir, əksinə, öz yüksək nüfuzu sayəsində bizi müxtəlif məmurların təzyiqlərindən qətiyyətlə müdafiə edirdi. E.Əsədovun diqqət və qayğısı “Zaman”ı Bakıda və respublikanın bütün rayonlarında ən obyektiv, cəsarətli və oxunaqlı qəzetlərdən birinə çevirmişdi. İndiki kimi yadımdadır, fəaliyyətə başladıqdan bir az sonra Etimad bəy bir gənclə mənim otaqıma gəlib dedi:
– Bu oğlanın jurnalist təhsili yoxdur, lakin döyüş təcrübəsi var, vətənpərvərdir və qəzet işinə böyük həvəsi vardır. Onunla ciddi məşğul olsan, tezliklə bəhrəsini görəcəksən.
Öz bacarığı və çalışqanlığı ilə qısa muddətdə qəzetin aparıcı müxbirlərindən birinə çevrilmiş həmin gənc sonralar başqa qəzetlərdə də uğurla fəaliyyət göstərmiş, hazirda isə “Qaziler.az” saytının redaktoru, tanınmış jurnalist Rey Kərimoğlu idi.
Ümumiyyətlə, əlillərə diqqət və qayğı göstərməyi, onların dolanışığı və sağlamlığı ilə maraqlanmağı Etimad bəy özünün mənəvi borcu hesab edirdi və bu cəhətdən bir çox rəhbər işçiyə nümunə idi. Xəstələrə və hərəkət məhdudiyyəti olanlara özü şəxsən baş çəkirdi və həmişə də dərmanla, ərzaqla, pulla yardım edirdi ki əlillər özlərini tənha və unudulmuş hesab etməsinlər.
Belə bir rəhbərin həyatdan vaxtsız köçməsi təkcə doğma və qohumlarını yox, həmçinin Etimad bəyi yaxından tanıyanların hamısını qəm-qüssəyə qərq etmişdir.
Ümidvar olmaq istərdim ki, bu cür ləyaqətli və şərəfli bir ömür yaşamış Qarabağ qazisi səlahiyyət sahiblərinin diqqətindən kənarda qalmayacaq və ölümündən sonra da olsa onun xidmətlərinə layiqincə qiymət veriləcək. “Qarabağ qaziləri” İB təşəbbüsü öz üzərinə götürməli, E.Əsədovun xatirəsini əbədiləşdirmək üçün hökumətə lazımi təkliflər verməli, bütün etimadsevərlər isə bu təkliflərin reallığa çevrilməsi üçün öz səylərini əsirgəməməlidirlər.

Adil ZAMAN,
“Zaman” qəzetinin baş redaktoru.

Bakı,
17 oktyabr 2018.

http://modern.az/az/news/180675#gsc.tab=0
http://qaziler.az/news.php?id=68115#.W8h6sqt1PIU

27 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir