Məqalə

«Kanal 13» kimə xidmət edir?

Özünü «Kanal 13» adlandıran Youtube kanalı dünən «FAKT: Tarix dərsliyində QARABAĞ “ARSAX” adı ilə VERİLİB:”DƏHŞƏTDİR, MİLLƏTİN BEYNİNİ belə YUYURLAR!”» (https://youtu.be/3IPzj710vvI) başlıqlı «dəhşətli» xəbər yayıb.

Tariximizdən bixəbər olan bir oğlan və bir qız tarixçilərə və Təhsil Nazirliyinə irad tuturlar ki, 7-ci sinif üçün «Azərbaycan tarixi» dərsliyində VI-VII əsrlərə aid xəritələrdə Qarabağ əvəzinə Arsax(xəritədə Arsak) yazılıb və bununla guya müəlliflər və Təhsl Nazirliyi bu ərazinin ermənilərə məxsus olduğunu etiraf etmişlər. Xanım bir az da uzağa gedərək, Təhsil Nazirliyini məktəblərdə tədris olunan dərsliklərdən bixəbər olmaqda və ya qəsdən bu «dəhşətli» fakta göz yummaqda günahlandırır. Elementar jurnalist etikası tələb edir ki, tənqid edirsənsə, dəqiq və bildiyin faktlara əsaslanmaqla yanaşı tənqid olunanın da fikrini öyrənməlisən. «Kanal 13»-də danışanlar isə Təhsil Nazirliyinə yox, hər şey üzrə «mütəxəssis»… İsfəndiyar Vahabzadəyə zəng edirlər. Sabiq səfir də tarixçi olmamasına baxmayaraq, faktdan «dəhşət»ə gəlir və Təhsil Nazirliyi ilə yanaşı Dövlət Təhlükəsizlik Xidmətini(cənab səfir «Təhlükəsizlik Nazirliyi» deyir. Yəqin unudub ki, artıq belə nazirlik yoxdur — A.Z.) və Prezident Administrasiyasını günahlandırır. Guya ki, xəritədə Arsak yazmaqla biz bu yerlərdən imtina edib, ermənilərə bağışlayırıq. Hətta «beyinlərin yuyulması» ifadəsini ingiliscə və rusca deyərək, dərin «savad»ını nümayiş etdirir. Əgər son vaxtlar yeri gəldi-gəlmədi tənqidi çıxışlara aludə olmuş İ.Vahabzadənin ağlına gəlsəydi ki bu dərsliyin çoxsaylı tərtibçiləri ilə maraqlansın, onda bilərdi ki, onlardan birincisi onun öz yerlisi, lakin farsşünas sabiq səfirdən fərqli olaraq tarix elminin cikinə də, bikinə də bələd olan, təpədən-dırnağacan türkçü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, AMEA Tarix İnstitutunun direktoru, 1999-cu ildə mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif edilmiş Yaqub Mahmudludur.

Başı rusca kitablar oxuyub, tənqidi çıxışlarında «erudisiya»sını nümayiş etdirməyə qarışmış sabiq səfirə xatırlatmaq istərdim ki, Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus olan qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. (Yeri gəlmişkən, İ.Vahabzadə bilirmi ki, onun atasının doğulduğu Şəki şəhərini adı da eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır? Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq, bu yerlərə Sakasena adını vermişdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də indiki Şəki şəhəri idi). Eramızdan əvvəl II yüzildən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda(Cənubi Azərbaycanda) olan bəzi ərazilər Arsak adlanırdı. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” adlanırdı. İlk orta yüzilliklərdə erməni (hay) tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilsə də, nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

Ən qəribəsi də budur ki, haqqında söhbət gedən dərslikdə Arsakın (Ərsak) izahı da verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb “Artsax” kimi təqdim edirlər”.

Haqlı sual doğur: «Dərsliklərdən bixəbər və ya bu fakta qəsdən göz yuman «Kanal 13»-dür yoxsa Təhsil Nazirliyi?» Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponim olan Arsak-ın guya ki erməni adı olmasını təbliğ etməkdə «Kanal 13»-ün, görəsən, məqsədi nədir? Yaxşı olardı ki, bu kanal milli təəssübkeşliyə bildiyi şeydən — məsələn, öz adından başlasın və bundan sonra Azərbayşan ədəbi dilinin normalarına uyğun olaraq «13-cü kanal» adlansın.

Adil ZAMAN,

yazıçı-jurnalist.

17 sentyabr 2020.

 
116 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir