Məqalə

“Xəbər gəldi ki, bir az əvvəl Ayaz Mütəllibov
Prezident vəzifəsinə bərpa olunub”
“Əgər A.Mütəllibov hakimiyyətdə bir neçə gün qala bilsəydi,
onda məni nə gözləyəcəyini təsəvvür etmək elə də çətin deyildi”

Salam, hörmətli həmkarlarım!
Moderator.az – Azərbaycanın ən ciddi və obyektiv saytlarından biridir. Sevindirici haldır ki, saytınız siyasi əqidəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq istənilən şəxsin faktlara və dəlillərə əsaslanan fikirlərini dərc edir. Lakin bəzən saytda müəlliflərin qeyri-səmimiliyi səbəbindən həqiqətdən uzaq fikirlərə də rast gəlinir.Xüsusən də həmin fikirlər müəllifə sərf edən şəkildə və artıq həyatda olmayan adamların adından söyləniləndə daha dözülməz olur. Elə Məzahir Süleymanzadənin fevralın 28-də dərc olunmuş “Heydər Əliyev “Azərbaycan Ordusu” qəzetini əlimdən alıb otağın o biri başına tulladı və…” başlıqlı yazısında olduğu kimi.
O vaxtlar M.Süleymanzadəni yaxından tanıyan və əqidəsinə bələd olan bir şəxs kimi bu yazı barəsində öz fikirlərimi bildirmək istəyirəm. Amma oxucuların məni dəlilsiz-sübutsuz danışmaqda itti-ham etməməsi üçün əvvəlcə bir az uzaqdan başlayıb, “Səhər” qəzeti və onun o vaxtkı redaktoru M.Süleymanzadə ilə bağlı bir faktı qeyd etməliyəm.
Yaqub Məmmədovun Prezi-dentin səlahiyyətlərini icra etdiyi dövrdə mən ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin yeni yaradılmış Redaksiya-Nəşriyyat kompleksinin rəisi təyin olundum və mənə eyni zamanda “Xalq Ordusu” qəzetinin baş redaktoru vəzifəsi həvalə olundu. Hələ işə başlamamışdan əvvəl iki aya yaxın çıxan qəzetlə tanışlıq zamanı məlum oldu ki, Nazirliyin rəsmi orqanı faktiki olaraq Ramiz Məlikov adlı bir hərbi həkimin rəhbərlik etdiyi Mətbuat xidmətinin bülleteni kimi fəaliyyət göstərir və qəzetdə gedən bütün yazılar onun icazəsi ilə dərc olunur. Redaksiyada çalışan nəinki hərbi vəzifəli, həm də mülki şəxslərin işə qəbulu və işdən azad edilməsi məsələləri ilə isə Nazirliyin Kadrlar şöbəsi məşğul olurdu. Baş redaktor Ü.Cəfərovun elə bir səlahiyyəti yox idi. Redaksiyanın strukturu da hərbi qəzetin tələblərinə uyğun deyildi. Məsələn, R.Məlikov özü şer yazdığına görə müharibə edən ölkənin hərbi qəzetində aparıcı şöbələrdən biri Mədəniyyət şöbəsi idi və qəzetdə tez-tez müxtəlif şerlər və bədii yazılar dərc olunurdu. Ordu siyasətə qarışmamalı olduğundan qəzetdə digər aparıcı şöbənin Siyasət şöbəsi olması isə tamamilə nonsens idi. Qəzetin şüarı da xoşuma gəlmədi: “Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik”. Əgər öləcəyiksə, onda bu Vətəndə kim yaşayacaq?
Mən qəzetin statusunun və strukturunun dəyişdirilməsi məsələsini qaldırdım. Yeri gəlmişkən, artıq R.Məlikovun yerinə Leyla Yunusova təyin olunmuşdu və o, qəzeti də öz tabeliyində saxlamaq istəyirdi. Redaksiya-Nəşriyyat Kompleksinin rəisi kimi buna qarşı çıxdım və fikrimi onunla əsaslandırdım ki, Nazirliyin mətbu orqanı onun hansısa bir şöbəsinə tabe ola bilməz. Təəssüf ki, günü bu gün də bir sıra nazirlik və idarələrin mətbu orqanları mətbuat mərkəzlərinin bülleteni kimi fəaliyyət göstərir.
Mən Orduda xidmət etmiş, iki hərbi ixtisası olan hərbçi və Rusiya qəzetlərində bir sıra rəhbər vəzifələrdə işləmiş təcrübəli jurnalist kimi “Xalq Ordusu” qəzetinin hərbi qəzetin tələblərinə tam cavab verən strukturunu hazırladım və Qərərgah rəsi general V.Bərşadlı tərəfindən redaksiyanın 1992-ci il mayın 1-dən müstəqil hərbi vahid kimi təsdiq edilməsinə nail oldum. Təbii ki, Mədəniyyət və Siyasət şöbələri də ləğv olundu, qəzetin şüarı isə “Yağılara aman vermə!” oldu. İndi artıq baş redaktor yalnız Nazirliyin Kollegiyasına və Müdafiə nazirinə tabe idi. Nəinki mülki, həm də hərbi vəzifələrə işə qəbulla isə baş redaktor müstəqil məşğul olurdu və bütün əmək kitabçaları onun seyfində idi. Qəzetdə dərc olunan materialları da baş redaktor heç kimlə razılaşdırmırdı və onlardan hamı yalnız qəzet çap olunandan sonra xəbər tuturdu.
1992-ci il mayın 14-də “Azərbaycan” nəşriyyatında mənim baş redaktoru olduğum “Xalq Ordusu” qəzetinin növbəti nömrəsini yığıb qurtarana yaxın növbətçi əməkdaşlarımdan biri yanıma gəlib bildirdi ki, bir az əvvəl Ali Sovetin növbədənkənar sessiyasında Ayaz Mütəllibov Prezident vəzifəsinə bərpa olunub. Prezident aparatından göstəriş verilib ki, bütün rəsmi qəzetlər birinci səhifəsində “Azərinform”un sessiyadan geniş materialını, sessiyanın qərarlarını və A.Mütəllibovun imzaladığı “Bakı şəhəri ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” Fərmanı dərc etməlidirlər. Artıq “Xalq qəzeti”, “Azərbaycan”, “Бакинский рабочий” və “Həyat” qəzetləri birinci səhifələrini boşaldıblar və rəsmi materialları gözləyirlər.
Qəribə təsadüfdən qəzetin elə bu nömrəsinin birinci səhifəsində “Biz niyə məğlub oluruq?” adlı irihəcmli təhlili yazı yerləşdirmişdim və burada artıq Prezident kimi öz vəzifəsinə bərpa edilmiş A.Mütəllibov “…xalqın tələbi ilə istefa vermiş, lakin Moskvanın təkidi ilə yenidən hakim mövqe tutmağa çalışan eks-prezident” adlandırılırdı.
Mən yığım sexində rəsmi qəzetlərin əməkdaşları ilə söhbət edəndən sonra deyilənlərin doğru olduğuna yəqinlik hasil etdim. Həm də onu öyrəndim ki, həmin materialları dərc etməyən heç bir rəsmi qəzet çap olunmayacaq; çap sexinin rəisinə bu barədə tapşırıq verilib.
Mürəttiblər birinci səhifəni sökmək üçün mənim qərarımı gözləyirdilər. Mən növbədənkənar sessiyanın qəbul etdiyi qərarları qeyri-qanuni hesab etdiyimdən, rəsmi tapşırığa baxmayaraq bu barədə heç bir məlumat vermək istəmirdim. Nəşriyyatın direktoru ilə söhbətdən də bir nəticə hasil olmadı – o da təsdiq etdi ki, sessiya barədə “Azərinform”un materiallarını və fövqəladə vəziyyət haqında A.Mütəllibovun fərmanını dərc etməyən rəsmi qəzetlər çap olunmayacaq. Mən dilemma qarşısında qalmışdım – ya doğru hesab etmədiyim xəbərləri dərc etməli idim, ya da qəzet çıxmayacaqdı. Rəsmi materialların dərcindən imtina və bu səbəbdən qəzetin çıxmaması isə mənim dərhal işdən azad ediləcəyim və məsuliyyətə cəlb olunacağım anlamına gəlirdi. “Jurnalist vicdanı yoxsa vəzifə – hansı qalib gələcək?” Bu fikirlərlə mürəttiblərimizə yaxınlaşıb dedim: “Biz heç nəyi dəyişməyəcəyik. Sessiya haqqında da heç bir məlumat verməyəcəyik. Gedə bilərsiniz”. Rəsmi materialların yığılmasını gözləyib, böyük bir səhifəni yenidən düzəldəcəklərinə və azı 2-3 saat vaxt itirəcəklərinə görə dilxor olmuş mürəttiblər təəccüblə üzümə baxıb, fikrimin qəti olduğunu görərək, cevincək plyonkaları hazırladılar və sağollaşıb getdilər.
Montaj sexində bizi həmişə hörmətlə qarşılayan qızlardan biri birinci səhifəyə baxan kimi plyonkanı götürüb harasa getdi və bir azdan qayıdıb çəkinə-çəkinə:
– Bağışlayın, Adil müəllim, – dedi. – Biz bu qəzeti montaj edə bilməyəcəyik. Rəis icazə vermir.
Gecə saat 2-yə qədər sex rəisini fikrindən döndərə bilmədim. Rəsmi qəzetlərin hamısı çap sexinə verilmişdi. “Xalq Ordusu”nu isə heç montaj da etməmişdilər. Xahişlərimin heç bir nəticə vermədiyini görüb, taktikanı dəyişdim və tamamilə ciddi şəkildə dedim:
– Müharibə edən ölkənin hərbi qəzetinin çıxmaması bilirsiniz nə deməkdir? Direktor sizə şifahi göstəriş verib. Sabah o dediklərindən imtina da edə bilər. Onda bütün məsuliyyət sizin üzərinizə düşəcək…
Hiss etdim ki, mənim sərt tərzdə dediyim sözlər ona təsir etdi. Rəisə düşünmək imkanı verməyib əlavə etdim:
– …Amma mən sizə elə bu saat yazılı iltizam verirəm ki, qəzetin bu şəkildə çapına özüm təkid etmişəm və bütün məsuliyyəti də öz üzərimə götürürəm.
Rəisin çiynindən sanki ağır bir yük götürüldü. Kağız-qələm verib, yorğun səslə: “Yazın” dedi…
Səhəri gün əməkdaşlarım dedilər ki, Ali Sovetin qarşıslnda çoxsaylı mitinq keçirilir və insanların əksəriyyətinin əlində “Xalq Ordusu” qəzetinin bugünkü nömrəsi var…
Əgər A.Mütəllibov hakimiyyətdə bir neçə gün qala bilsəydi, onda məni nə gözləyəcəyini təsəvvür etmək elə də çətin deyildi.
Həmin gün – 1992-ci il mayın 15-də M.Süleymanzadənin redaktoru olduğu “Səhər” qəzeti də çıxmışdı. Qəzetin ən görkəmli yerində A3 formatlı qəzet üçün olduqca iri keqllə və çox böyük interlinyajla Ali Sovetin sessiyası və A.Mütəllibovun vəzifəsinə bərpa olunması haqqında xəbər dərc edilmişdi. Deyək ki, “Xalq qəzeti”, “Azərbaycan”, “Бакинский рабочий” və “Həyat” qəzetlərinin redaktorları məlum səbəblərdən rəsmi materialları “Prezident qayıtdı” («Президент вернулся») başlığı ilə dərc etmişdilər. Bəs qeyri-dövlət qəzetinin redaktoru M.Süleymanzadəni bu barədə xəbər verməyə məcbur edən nə idi? Özü də fərəhlə, qəzetin yuxarı sol küncündə və çox iri hərflərlə! Məgər H.Əliyevə pərəstiş edən və onunla Naxçıvanda görüşən adam Bakıya qayıdan kimi belə bir xəbəri dərc edərdimi? Əgər dərc edibsə, deməli, H.Əliyevi hakimiyyətə gətirmək üçün yaş senzinin ləğvi ilə bağlı mitinq edənlərlə yox, onların əlehdarları ilə həmrəy olub. H.Əliyev də, yəqin ki, bunu gözəl bildiyindən onu heç vaxt özünə çox yaxın buraxmayıb. Buna görə də M.Süleymanzadənin “Dedim, yəqin vəzifə-zad vermək istəyir, ya da vacib bir iş tapşıracaq” yazması gülməli deyilmi? Təbiidir ki, belə bir konyunkturaçını yerin altını da, üstünü də bilən H.Əliyev heç vaxt “məsuliyyətli adam” adlandırmazdı. M.Süleymanzadənin “Heydər Əliyev hirsindən əsirdi” sözləri isə tamamilə uydurmadır. Bütün çatışmazlıqlarına baxmayaraq, H.Əliyev həmişə özünü ələ almağı bacaran bir şəxs olub. O əsəbiləşə, kimisə bərkdən danlaya bilərdi, lakin heç vaxt hirsindən əsməz, xüsusilə də bunu qətiyyən biruzə verməzdi. Qoy kimsə desin görək H.Əliyevi nə vaxtsa, hardasa özünə nəzarəti itirib hirsindən əsən vəziyyətdə görübmü?
“Heydər Əliyev “Azərbaycan Ordusu” qəzetini əlimdən alıb otağın o biri başına tulladı” sözlərinin də həqiqət olması inandırıcı deyildir. H.Əliyev heç vaxt özünü o səviyyəyə endirməzdi ki, kiminsə əlindən nəyisə dartıb alsın. Qəzeti “otağın o biri başına tullaması” da qətiyyən H.Əliyevə xas olmayan bir hərəkətdir. O ki qaldı “sənin qəzetini isə hamı alır” sözlərinə, düşünürəm ki, M.Süleymanzadənin bu yazısının da məqsədi elə bu sözləri H.Əliyevin adından yazmaq olub. Amma M.Süleymanzadə unudur ki, 1990-cı ilin yanvarından 1993-cü ilin avqustunadək 3 il yarımdan çox vaxt keçmişdi. Bütün qəzetlərin qadağan olunduğu zaman şəhidlərə həsr olunmuş icazəli bir nömrə buraxmaqla qəzet populyar olmur. Xüsusilə də 3 il yarım sonra. 1993-cü ilin avqustunda “Aydınlıq”, “Ədalət” kimi qəzetlər “Səhər”dən qat-qat oxunaqlı, populyar və ciddi, onların redaktorları isə daha məsuliyyətli idilər. Məhz məsuliyyətin nə olduğunu dərk etdiklərinə görə də M.Süleymanzadədən fərqli olaraq öz qəzetlərində Prezidentin səlahiyyətlərini icra edənin olmayan sərəncamı haqqında heç bir xəbər dərc etməmişdilər.
O ki qaldı Ü.Cəfərovun baş redaktoru olduğu “Azərbaycan Ordusu” qəzetinə, onunla mənim buraxdığım “Xalq Ordusu” qəzetinin yerlə göy qədər fərqi var idi – həftədə dörd dəfə Azərbaycan dilində, bir dəfə isə rus dilində çıxan “Xalq Ordusu” strukturu və statusuna görə hərbi qəzetin bütün tələblərinə cavab verən tam müstəqil hərbi vahid olduğu halda “Azərbaycan Ordusu” yenə də R.Məlikovun vaxtındakı “Xalq Ordusu” kimi Mətbuat mərkəzinin bülleteni statusunda idi və Ü.Cəfərov istəsə belə həmin təyinat barədə yazını verməyə bilməzdi. Əslində də bütün məsuliyyəti elə bir səlahiyyəti olmayan baş redaktor yox, onun tabe olduğu Mətbuat mərkəzinin əməkdaşları daşımalı idilər. Lakin qəzetin altında Ü.Cəfərovun imzası olduğundan xalça üzərinə də onu çağırmışdılar…

P.S. Mənim M.Süleymanzadəyə qarşı heç bir şəxsiqərəzliyim yoxdur, çünki onunla yollarımız heç vaxt kəsişməyib. Amma M.Süleymanzadənin qatı mütəllibovçu olduğu onun tanıyanların hamısına bəlli idi. Əslində bunda da qəbahət bir şey yoxdur. Əqidəyə görə heç kimi qınamazlar. Əgər o, vəziyyətə, şəraitə görə hərəkət edən prinsipsiz adam deyilsə.

               Hörmətlə,
               Adil ZAMAN,
               Müdafiə Nazirliyinin tam müstəqil hərbi vahid olan
               “Xalq Ordusu” qəzetinin ilk və son baş redaktoru

Bakı,
28-29 fevral 2016.

P.S. Bu məqaləyə qısa müddətdə 13 mindən çox baxışın olduğunu görüb, saytın rus bölməsində işləyən Üzeyir Cəfərov mənim dediklərimin heç birini təkzib edə bilmədiyindən haqqımda tərbiyəsinə və səviyyəsinə uyğun böhtan və iftira dolu cızma-qara yazıb saytda yerləşdirməklə kifayətlənməyərək, hikkəli tələbi ilə özünü “müstəqil” adlandıran saytın rəhbərliyini məcbur etmişdir ki, mənim yazımı bu cür oxunmaz vəziyyətə salsın.

Arzu edənlər aşağıdakı linklə sayta daxil olub baxa bilərlər:

moderator.az

 

22 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir