Adil ZAMAN

A R Z U
(Povest)

…Bir tərəfdən yorğunluq, bir tərəfdən aclıq, bir tərəfdən isti, bir tərəfdən də maşın Gülnarı xumarlandırırdı. Gözləri tez-tez ixtiyarsız yumulurdu. Heç ağlına da gəlmirdi ki, şəhərin mərkəzində yaşayan xalasıgilə getmək əvəzinə Moskva9 prospekti ilə sürətlə hərəkət edirlər. Beləcə nə qədər yol getdiklərindən xəbəri olmadı. Birdən əyləcin səsinə gözünü açdı. Sol tərəfdə çoxlu maşınlar hərəkət edirdi, sağda isə hansısa metro stansiyası görünürdü. Səliqə ilə geyinmiş cavan milis leytenantının səsi onu tamam ayıltdı:
– Leytenant Səmədov. Xahiş edirəm, sənədlərinizi göstərin.
Oğlan dinməz-söyləməz sürücülük vəsiqəsini leytenanta verdi. Leytenant vəsiqəyə diqqətlə baxıb, ona qaytardı:
– Hara belə tələsirsiz, sarı işıqdan sonra qırmızı yansaydı…
– Sabunçuya gedirəm. Anam xəstəxanadadır. Bacımı onun yanına aparıram.
Leytenant Gülnara baxıb, mehribancasına gülümsəyərək:
– Allah şəfa versin, – dedi. – Gedin, ancaq bir az ehtiyatlı olun.
Bir neçə saniyə ərzində neçə-neçə fikir Gülnarın beynində bir-birini sürətlə əvəz etdi. Bakıda sadəlövh qızların öz təqsirləri üzündən hansı müsibətlərə düçar olduqları haqqında eşitdikləri, oxuduqları yadına düşdü…
Oğlan arxayın-arxayın maşını yerindən tərpətmək istəyəndə qız birdən əl çantasını götürüb, cəld qapını açaraq yerə düşdü. Motosikletə minmiş leytenanta tərəf qaçmağa başladı. Səmədov motosikleti artıq işə salmışdı. Qız:
– Dayanın!.. Dayanın!.. – deyə bərkdən qışqırdı.
Leytenant səsə geri çevriləndə özünü motosikletə yetirmiş Gülnar ayaq üstə dura bilməyib, onun üstünə yıxıldı. Zabit çevik hərəkətlə qızı tutub:
– Sakit olun, bacım, – dedi. – Deyin, görək, nə olub?
Gülnar danışmaq istədi, lakin səsi çıxmadı. Handan-hana o:
– Sürücü yalan deyirdi, – dedi. – Mən onun bacısı deyiləm.
Qız əhvalatı bir neçə kəlmə ilə leytenanta danışdı. Səmədov “Jiquli”ni yerində görməyib:
– Heç maşının nömrəsinə də baxmadıq…- deyə təəssüflə dilləndi.
Gülnar artıq bir qədər sakitləşmişdi:
– O maşın avtovağzalda çoxdan dayanmışdı. Nömrəsini görən kimi ev telefonumuz yadıma düşdü. 37-25-dir. Ancaq seriyasına fikir vermədim.
Leytenant radio ilə ətrafdakı bütün milis postlarından 37-25 nömrəli bənövşəyi “Jiquli”ni saxlamalarını xahiş etdi və sürücünün əlamətlərini saydı. Sonra Gülnara tərəf çevrildi:
– Xalanız harda yaşayır?
– Bilmirəm. ünvanı da, telefonu da kağıza yazılmışdı. Avtovağzalda oğlana verdim.
– Bəlkə telefon yadınızdadır?
Gülnar bir qədər fikirləşib:
– Axırıncı dörd rəqəmi eynidir, – dedi. – Ancaq əvvəlki iki rəqəmi unutmuşam10. Ya 9, ya da 6 ilə başlayırdı.
– Bəlkə, təxmini də olsa, evin yerini deyəsiz.
Gülnar başını buladı. Leytenant daha heç nə soruşmayıb, motosikletin yedəyində qız üçün yer hazırladı:
– Gəlin, əyləşin. Xalanızın ad və familiyasını ki bilirsiz. Taparıq!
Gülnar yerindən tərpənmədi. Leytenant qızın tərəddüd etdiyini görüb, ona yaxınlaşdı. Qolundan tutub, motosikletə tərəf gətirdi. Gülnar irəlidə onu nələr gözləyəcəyinin fərqinə varmayan adamlar kimi keçib oturdu. Motosiklet dövrə vurub, Moskva prospekti ilə şəhərə tərəf getməyə başladı…

Povesti tam şəkildə aşağıdakı link vasitəsilə pdf formatında oxuya və endirə bilərsiniz:


Bu hissəyə baxış məhdudlaşdırılıb. Gizlədilmiş mətni görmək üçün lütfən qeydiyyatdan keçib, öz login və parolunuzla sayta daxil olun. Please Login or Register for access.

18 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir